İqtisadiyyat (18-12-2021, 13:48)
Devalvasiya qorxusu: İnflyasiya 2022-ci ildə də davam edəcək və... - AÇIQLAMA
"Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olub".
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, dekabrda aparılan sorğulara görə, ev təsərrüfatlarının 29%-i inflyasiya tempinin daha da yüksələcəyini gözləyir.
Yenilənmiş proqnozlara görə, bu il orta illik inflyasiya 6,3-6,6 %, illik inflyasiya isə 11,4-11,9 % səviyyəsində gözlənilir. Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək. AMB-nin İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə inflyasiya təzyiqlərinin artması davam edib.
Rəsmi statistikaya görə, noyabrda aylıq inflyasiya 1,5%, 12 aylıq inflyasiya isə 11,1% olub.
Orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2%, orta illik baza inflyasiya isə 3,9% təşkil edib. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.
İllik inflyasiyanın artması əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edilir.
Cari ilin 9 ayında inflyasiya 6 faiz civarında göstərilsə də, səslənən proqnozlar özünü doğrultdu və 12 aylıq inflyasiya 11,1 faiz olduğu açıqlandı. Bu istiqamətdə mövcud vəziyyət isə əsasən qlobal bazarlarla əlaqələndirilir.
Doğurdanmı, inflyasiya AMB-nin proqnozunda göstərildiyi kimi növbəti ilin I rübündən başlayaraq stabilləşəcək və baş verən proseslər fonunda yeni ildə devalvasiya müşahidə ediləcək?
Mediatv.az xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Rəşad Həsənov cebhe.info-ya bilirdi ki, inflyasiya 2022-ci ildə də davam edəcək:
"Çünki burada çox faktorlar var və həmin faktorların böyük hissəsi 2022-ci ilə də transfer olunacaq. Məsələn, ixdal olunan məhsullarda qiymət artımının davam etməsi, yaxud hökumətin tarifləri, aksizləri, eyni zamanda dövlət xidmətləri qiymətlərin artırılması ilə bağlı qəbul etdiyi qərarlar var. 125-dən artıq xidmət üzrə rüsumlar artırılır və bunlar hamısı yeni ilə tranformasiya olunacaq.
Eyni zamanda, müəyyən sosial paket də bu istiqamətdə təzyiq yaradacaq. Çünki təxminən 1,5 milyard manat birbaşa dövlət büdcəsində, 400 milyon manata yaxın da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsində olmaqla, 2 milyard manat yuvarlaqlaşdırsaq, əlavə ailə təsərrüfatlarına, dövlət sektorunda çalışanlar, müavinət, yardım alanlar kimi böyük sosial qrupun ailə büdcələrinə əlavə vəsait daxil olur.
Bazar çalışacaq ki, həmin vəsaitləri mümkün qədər dəyərsizləşdirsin. Qiymət artımı istiqamətində biznesin təşəbbüsləri də alıcılıq gücünün nisbi möhkəmlənməsi fonunda artacaq. Bütün bunlar 2022-ci ildə inflyasiyanın yüksək olaraq qalmasına gətirib çıxaracaq, onu şərtləndirəcək.
Eyni zamanda, məhsulların maya dəyərində son iki ildə ciddi artımlar olub ki, istehsal qiymətləri indeksində baş verən artımlar tam olaraq istehlak qiymətləri indeksinə tranformasiya oluna bilmir. Çünki alıcılıq gücü zəifdir və gözləmədə o da var ki, imkan yaranan kimi ilk fürsətdə aşağıdan yuxarıya, yəni istehsal qiymətləri indeksindən istehlak qiymətləri indeksinə təzyiq ortaya çıxacaq. Həmçinin pandemiya vəziyyəti tam olaraq aydınlaşmayıb. Xüsusən də daşıma şərtlərində və xərclərində yüksək artımlar qalmaqdadır və bu da bütün malların maya dəyərində öz əksini tapır".
Devalvasiya ilə bağlı gözləntilərə gəldikdə, iqtisadçı deyir ki, indiki şərtlər daxilində ciddi risk yoxdur:
"Hökumətin büdcə mesajlarına baxdıqda görmək olur ki, 2022-ci ildə ən azından 1 dollar üçün 1,70 səviyyəsində məzənnəni qoruyub saxlamağa çalışacaq. Eyni zamanda, məntiqi qərara qəbul etmə əsasından yanaşanda da iqtisadi üstünlüklərindən sosial fəsadları daha çoxdur. O baxımdan da hökumət sosial fəsadları asbektindən qiymətləndirib məzənnəni qorumağa çalışacaq.
Tədiyyə balansının profisiti, strateji valyuta ehtiyatları, xarici ticarətdə saldonun yüksəlməsi, neftin qiymətinin büdcədə nəzərdə tutulandan artıq olması kimi amillər də hələlik hökumətin qeyd edilən istiqamətlərdə siyasətini dəstəkləyəcək".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024