İqtisadiyyat (14-12-2021, 12:02)
Berdiməhəmmədovla Rəisi Azərbaycanla imzalanan sazişi müzakirə etdilər
Türkmənistan və İran Prezidentləri Qurbanqulu Berdiməhəmmədov və İbrahim Rəisi arasında telefon danışığı olub.
Mediatv.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı, Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsinə dair bağlanan saziş barədə də fikir mübadiləsi aparıblar.
“Qazla bağlı əməkdaşlıq və qazın İran üzərindən mübadilə yolu ilə Azərbaycana ixrac edilməsi sahəsində müsbət addımlar atılıb”, - deyə Rəisi vurğulayıb.
Sözügedən sazişin əhəmiyyətindən danışan Berdiməhəmmədov üç ölkə arasında təbii qaz mübadiləsi sahəsində əməkdaşlıq üçün birgə komissiyanın yaradılmasına çağırış edib.
Qeyd edək ki, noyabrın 28-i Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsi ilə bağlı saziş imzalanıb. Sazişə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək təbii qaz göndəriləcək. Müqavilənin icrasına dekabrın 22-dən etibarən başlanılacaq.