Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (19-11-2014, 11:37)
Parlamentdə gərgin büdcə müzakirələri

Deputatlardan hökumətə konkret suallar; İqbal Ağazadə: “168 manatla müəllim necə yaşasın?”

 

Noyabrın18-də Milli Məclis “Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başladı.
 Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən müzakirələrin ilk günündə baş nazir Artur Rəsizadənin başçılığı ilə hökumət üzvləri iştirak edirdi.
Üç gün davam edəcək büdcə müzakirələrinin ilk iclasında çıxış edən spiker bildirdi ki, Azərbaycan son 10 ildən artıqdır inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur: “Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərflərində də öz əksini tapıb. Bu ilin 9 ayının nəticələrinə görə, bütövlükdə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə olunub”. Spikerin sözlərinə görə, Azərbaycan son 10 ildə ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutub. 
“Bəzi dövlətlərdə səriştəli rəhbərlik yoxdur. Yaxşı lideri olmayan dövlətin sonu yoxdur”. Bunu isə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dedi. Komitə sədri bildirdi ki, bu layihədə iqtisadi-sosial məsələlərin, ölkədə iqtsadi gəlirlərin iqtisadi tənzimlənməsinin bütün müddəaları ətraflı əks olunub. Z.Səmədzadənin sözlərinə görə, qloballaşma prosesində Azərbaycanın maliyyə sabitliyinin qorunması artıq ənənə halını alıb: “2015-ci ildə büdcə gəlirlərinin 1 milyard manat artırılması nəzərdə tutulub. Qeyri-neft sektorunun gəlirləri 2013-2014-cü ilin gəlirlərindən 1,5 dəfə çoxdur”. 
Z.Səmədzadə bildirdi ki, 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar müəyyən edilib. Dünya bazarlarında isə qiymət 75-80 dollara enə bilər. Onun sözlərinə görə,  Azərbaycan dünya bazarlarında neftin qiymətinə müdaxilə edə bilməz: “Yəni neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər. Bu, dünya siyasətidir və bizim ona müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmayacaq”. 
Maliyyə naziri Samir Şərifov isə bildirdi ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faiz həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 milyard 100 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 milyard 37  milyon manat və yaxud 5,2 faiz artıqdır. Nazir qeyd etdi ki, büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək: “Gələn il fonddan dövlət büdcəsinə 10 milyard 388 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə natural ifadədə 1 miyard 590 milyon manat daxilolma proqnozlaşdırılır”.
Layihədə dövlət büdcəsinin kəsirinin 1 milyard 662 milyon manat nəzərdə tutulduğunu deyən S.Şərifov vurğuladı ki, Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq: “2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək”. S.Şərifovun sözlərinə görə, neftin qiyməti 60 dollara düşsə belə, hər hansı təhlükəli ssenari yaşanmayacaq.  Nazirin dediyinə görə, 2015-ci il üçün Dövlət Neft Fondunun xərcləri cari illə müqayisədə 9 faiz çox, yəni 12 milyard manatdan artıqdır. Nazir qeyd etdi ki, gələn il üçün ipoteka fonduna 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 10 milyon artıqdır. Gələn il üçün neft gəlirləri 12 milyard 500 milyon, icmal büdcə 25 milyard, Naxçıvan Muxtar Respublikasının gəlirləri isə 367 milyon manat nəzərdə tutulub. 
“Azərbaycanın dünyanın ən rəqabətli 40 ölkəsi içərisində yer alması iqtisadiyyatın inkişafının göstəricisidir”. Bunu isə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova söylədi. Beynəlxalq Valyuta Fondunun son hesabatına istinad edən nazir müavini bildirdi ki, inkişaf etməkdə olan ölkələr üzrə artım tempi 5 faiz təşkil edəcək: “Bu proqnozların reallaşmasında bir sıra risklərin olması gözlənilir. Bura Avrozonadakı inflyasiya, borclanma və işsizliyin aşağı düşməsi daxil olacaq. İnkişaf etməkdə olan ölkələr üzrə əsas risk kimi Çində iqtisadiyyatın zəifləməsi, kapitalın axını, Ukraynadakı vəziyyət göstərilir. Dünya iqtisadiyyatında risklər nəzərə alınaraq, Azərbaycanın orta müddət üçün makroiqtisadi sabitliyi və dayanıqlığı davam edəcək. Növbəti il üçün manatın məzənnəsi sabit olacaq və inflyasiya 2,3 faiz olacaq”. 
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki, mürəkkəb qlobal mühitə baxmayaraq, ölkənin xarici iqtisadi mövqeyi hələ də əlvererişlidir: “Azərbaycanın ixracı öz idxalını 2,7 dəfə üstələyib. 2014-cü ilin 9 ayında strateji valyuta ehtiyatları 3,5 milyard artaraq təxminən  54 milyard dollara çatıb. Əgər Azərbaycan iqtisadiyyatı 3 il heç nə ixrac etməsə, bu, ölkəmizi idxalla təmin edəcək. Ölkəmizin strateji ehtiyatlarının ümumi daxili məhsula olan nisbəti 70 faizdir. Bu göstəriciyə görə Azərbaycan dünyada  20 ölkədən biridir”. O, bu dövr ərzində Mərkəzi Bankda valyuta ehtiyatlarının da 6 faizdən çox artığını qeyd etdi: “Bu gün  bu rəqəm 15 milyard dollara yaxındır”. 
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da büdcə ilə bağlı fikirlərini açıqladı.
Daha sonra müzakirələr başladı.
Deputat Azay Quliyev QHT-lərə ayrılan vəsaitlə bağlı təkliflərini çatdırdı.  A.Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin az olduğunu və bu vəsaitin 10 milyona çatdırılmasını təklif etdi. Həmçinin evdə fərdi təhsillə məşğul olan müəllimlərin əmək haqqına əlavə edilən 50 faizlik artımın ödənilməsini istədi. A.Quliyev seçildiyi Şirvan şəhər sakinlərinin su, məktəb, lift problemlərini də qaldırıb onların həllini xahiş etdi. O.Əsədov A.Quliyevin QHT-lərin maliyyəsinin artırılması ilə bağlı təklifinə dəstək verdi. Spiker maliyyə nazirinə müraciətlə məsələnin diqqətdə saxlanılmasını xahiş etdi. 
Deputat İqbal Ağazadə dövətin ayırdığı vəsait hesabına gənclər şəhərciyinin tikilməsini təklif etdi: “Bu yolla həm gənclər evsizlik problemini həll edəcək, həm də dövlət qazanacaq. Nəticədə aylıq 160 manat kirayə haqqı ödəməklə gənclər 25 il ərzində mənzilə sahib olacaq”. Deputat bank sektoru ilə bağlı danışarkən dedi ki, ölkədə əhalinin az qala 80 faizi banklara borcludur: “Reallıq budur ki, məcburiyyət olduğuna görə banklar fantastik dərəcədə kredit faizlərini qaldırır. Milli Bank dövlətin pulunu 3 faizlə banklara verir, banklar isə 22, 24, 26 faiz, bəzən isə 50-60, hətta ilin sonunda isə 80 faizə qalxır. Dünyanın heç bir yerində bu qədər yüksək bank kredit faizləri yoxdur”.
İ.Ağazadə dövlət orqanlarında çalışmaq üçün test imtahanı verənlərlə bağlı yaş senzinin 30 yaş müəyyənləşdirilməsi ilə bağlı sual etdi: “Vətəndaş niyə 45 yaşı olanda dövlət orqanlarına sənəd verə bilməz? Məgər biz onu yarışa göndəririk?” Deputat müəllimlərin və həkimlərin vəziyyətindən də danışdı və konkret suallarını verdi: “Bir ”stavka"nın haqqı 168 manatdır. 168 manatla bir müəllim necə yaşasın, hörmətli hökumət üzvləri? Ali məktəblərdə saat hesabı dərsin bir saatının qiyməti 2 manatdır. 2 manata kim dərs deyər və onun dediyi dərsin keyfiyyət nə olar?" İ.Ağazadə Xətai rayonunda köhnə evlərin istismarının bitdiyini xatırlatdı və bununla bağlı məsələ qaldırdı. Deputat siyasi partiyaların dövlətin əsas sütunlarından biri olduğunu bildirdi: “Samir müəllim, nədən siyasi partiyalara qeyri-normal münasibət sərgilənir və maliyyə artırılmır?” 
Deputat Fazil Mustafa şəhid ailələrinə ödənilməli olan qanpulunun verilməsi ilə bağlı yaranmış problemə hökumət üzvlərinin diqqətini çəkməyə çalışdı və məsələni həll etməyə çağırdı. Bildirdi ki, biz müharibə aparan ölkəyik. Bu gün vətən uğrunda şəhid olan, qazi olan insanın haqqı verilmirsə, sabah müharibə başlayanda kimi ora göndərmək olar? Deputat uşaqların sığortası ilə bağlı konkret təklif verdi. Təhsil müəssisələrinin təmir-tikintisi işinə ciddi diqqət yetirməyi zəruri saydı. F.Mustafa 2015-ci il üçün bələdiyyələrlə bağlı vəsait ayrılmadığını xatırlatdı və təkliflərini verdi. İpoteka ilə bağlı danışan F.Mustafa Azərbaycanın kifayət qədər vəsaitinin olduğunu bildirdi. 
Deputat Azər Badamov seçildiyi dairənin problemlərinin həllini istədi, konkret təkliflər verdi.  Deputat Jalə Əliyeva müəllimlərə dövlət qulluqçusu statusunun verilməsini, əhalinin mənzil probleminin həll olunmasını istədi.
Milli Məclis üzvü Kamilə Əliyeva Katex çayı üzərində körpü tikilməsi üçün müraciət etdi. 
Deputat Zahid Oruc dedi ki, hökumətin üzərinə düşən ən mühüm vəzifələrdən biri xırda və orta sahibkarlığa dəstək verilməsidir. Əgər bu gün Azərbaycanda minlərlə şirkət və kampaniyalar Avropa məhsulunu Rusiyaya vermək istəsə, hökumət buna yardımçı olmalıdır. Z.Oruc dedi ki, çox təəssüf ki, müəllimlərin durumu dəyişmədi: “Xüsusilə də nəzərə almalıyıq ki, 2015-ci il seçki ilidir. Mən təklif edirəm ki, müəllimlərin vəziyyətinin yaxşılaşması üçün TQDK-ya müəllim biliyinin qiymətləndirilməsi səlahiyyəti verilsin. Könüllü şəkildə biliyin qiymətləndirilməsi testindən keçən müəllimlərə bir neçə dəfə artıq maaş, yaxud qüsursuz çalışanlara mənzil, ya ipoteka verilə bilər”. 
Z.Oruc hökuməti dövlət qulluğuna qəbulla məşğul olan qurumu ləğv etməyə çağırdı. Xatırlatdı ki, 45 min imtahan verən insanın 41 mini işə qəbul olunmayıb. Deputat bu qurumun vətəndaşları ikinci mərhələdə şikəst etməklə məşğul olduğunu qeyd etdi. Deputat E.Rüstəmovu evləri dağıdan 35-40 faizlik kredit siyasətini nəhayət dəyişməyə və heç olmasa dövlət qulluqçularının sığortasına keçməyə çağırdı: “Biz sığortalanırıq, 64 min manatlıq. Ancaq o pul qalır naməlum fondda. Biz ölməliyik ki, o pulu alaq”. Bu zaman iclasa sədrlik edən 1-ci müavin Ziyafət Əsgərov “nə edirsiniz-edin, hələ ölməyə tələsməyin, Zahid müəllim” deyə, replika verdi.
Deputat Əli Məsimli 2015-ci il büdcəsinin risklərinin daha az olduğunu bildirdi: “Hökumət gələn il üçün götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək”. Ə.Məsimli Şəkinin 117 min əhalisinin problemindən bəhs edən məsələlərə diqqət çəkib indiyədək nə səbəbə qazlaşmanın aparılmamasının səbəblərinə cavab istədi. Deputat ipoteka üçün ayrılan 50 milyonun evə ehtiyacı olanların 5 fazinin probleminin həlli demək olduğunu vurğuladı. 
Deputat Astan Şahverdiyev maliyyə nazirinin hazırladığı büdcə layihəsini “dissertasiya işi”nə bənzətdi. 
Deputat Qüdrət Həsənquliyev ölkədə sosial müdafiəyə ehtiyacı olan əlillər, məcburi köçkünlər və şəhid ailələlərinin əsas problemlərindən danışdı, hökumətə səsləndi: “Amma təəssüf ki, gələn il üçün büdcədə cəmi 327 milyon manat vəsait ayrılıb. Belə getsə, uzun illər biz onları normal mənzillə təmin edə bilməyəcəyik. Həmçinin əlillərin mənzillə təminatı üçün 17 milyon vəsait nəzərdə tutulub ki, bununla da heç 5 ilə də onların mənzil təminatını həll etmək mümkün olmayacaq”. Q.Həsənquliyev Naxçıvanın problemlərindən də danışdı. Deputat dedi ki, Ordubadın yolu sovet dövründə çəkilib, ölkə əhalisinin 5 faizi yaşayan Naxçıvana 0,5 faiz maliyyə ayrılır: “Naxçıvanın blokadada olduğunu nəzərə alıb ora investisiya artırılmalıdır ki, əhali köçməsin”.
Müzakirələr bu gün davam etdiriləcək.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024