Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-01-2021, 12:00)
"İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını gözlənilir" - GƏLİŞMƏ

"İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını gözlənilir" - GƏLİŞMƏ
Tarix: Bu gün, 09:46 | Çap et
"İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını gözlənilir"
Azərbayacanda son illər turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ və ətraf rayonları indiyədək işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar artıq yağı tapdağından azad olunub. Bu gün müzakirə olunan əsas mövzulardan biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.

Amma məlumdur ki, hər daşından tarix boylanan bu torpaqlarda düşmən mədəni-tarixi abidələrə, təbiətə, kurort və istirahət mərkəzlərinə, tarixi-mədəni irsə qarşı insanlığa sığmayan cinayət törədib. Düz 27 il əvvəl Ağdama gələn qonaqlar yolunu bu şəhərdəki Çörək muzeyindən, Ağdam Tarix-diyarşünaslıq muzeyindən, Ağdam "Çay Evi"ndən salmamış getməzdilər. İşğaldan sonra Ağdamın dünyada ikinci hesab olunan məşhur Çörək muzeyinin iki quru divarı qalıb.

Ağdam Çörək muzeyinin inşasında iştirak edən Ağdam sakini, həmin dövrdə Ağdam Rayon Sənaye Nəqliyyat şöbəsinin müdiri işləmiş Zülfü Qasımov bu muzeyin hələ sovet dövründə MDB ölkələrindən gələn qonaqların böyük marağına səbəb olduğunu söyləyib. Həmsöhbətimiz deyir ki, bu muzeydən biri Almaniyada, digəri isə Ağdamda inşa olunub.

"Ağdamda dəyirman vardı. Bu dəyirmanın yanında rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevin təşəbbüsü ilə 1982-ci ildə Ağdam Çörək muzeyinin inşasına başlandı. Muzeydə 2800-dən çox eksponat vardı. Orada 7-ci minilliyə aid daşlaşmış buğda dəni, Leninqradın mühasirəsində bir qadının yeməyib saxladığı çörək saxlanırdı. Bu muzeyə maraq böyük idi. Rayona gələnlər bu muzeyi görməmiş getmirdilər. Düşünürəm ki, bu muzeyin bərpası rayona gələcək turistlər üçün ən maraqlı məkan olar", - 74 yaşlı Zülfü dayı söyləyir…

Ağdam işğaldan azad edilsə də, məşhur Ağdam Tarix-diyarşünaslıq muzeyinin 3 min eksponatı hələ də yad ellərdə, yad əllərdə əsir qalıb. Qarabağ xanlarının, İbrahim xanın, Pənahəli xanın, Xurşidbanu Natavanın nəslinin uyduğu "İmarət"də sərgilənən bu muzeyin Ağdam işğal olunmamış, 1993-cü ilə qədər direktoru işləmiş Cəmilə Qasımova o günləri belə xatırlayır: "Ağdam Tarix-diyarşünaslıq muzeyində üç min eksponat vardı. Muzeyin yerləşdiyi bina yararsız vəziyyətə düşdüyündən eksponatlar "İmarət"də sərgilənirdi. Muzeyi görməyə çoxlu qonaq gəlirdi. Oradakı hər eksponat dəyərdli idi. Muzeydə qədim xalçalar, daş abidələr vardı. Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmadı".

Muzey eksponatları ilə birgə işğal altında qalsa da, 2001-ci ildən Ağdam rayonunun Qaradağlı kəndində Ağdam Tarix-diyarşünaslıq muzeyi yaradılıb. Muzeyin hazırkı direktoru Ülvi Qədirov deyir ki, muzeyə bu illərdə 1300-dən çox yeni eksponat da toplanıb. Ü.Qədirovun sözlərinə görə, muzey Ağdamda fəaliyyətini bərpa etdikdən sonra öz şöhrətini geri qaytararaq rayona gələcək turistlərin ən çox ziyarət etdiyi məkan olacaq…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin mədəni irs və ekologiya üzrə eksperti Gülşən Hüseynova da işğaldan azad olunmuş torpaqlarımızda tarixi-mədəni abidələrin bərpasının turizmin inkişafı baxımından səmərəli olacağını söyləyir. Qarabağın turizm potensialı haqqında beynəlxalq konfranslarda təqdimat edən G.Hüseynova Qarabağın və işğaldan azad olunmuş digər rayonların böyük turizm potensialının olduğunu bildirir: "Bu ərazilərin böyük ekoturizm potensialı var. Ərazidə hündür dağların və dağ çaylarının olması ekstremal turizmin müxtəlif növlərini inkişaf etdirməyə imkan yaradacaq. İşğaldan azad edilmiş ərazilərdə su mənbələri və dağlarda olan gözəlliklər həmin ərazilərdə təbiət mənzərələri turlarının keçirilməsinə də imkan yaradır".

G.Hüseynova deyir ki, işğaldan azad edilmiş ərazilərdəki maraqlı abidələr içərisində dini abidələr də var: "İşğaldan azad edilmiş ərazilərdə dini turların təşkili mənəvi dəyərlərin öyrənilməsi baxımdan turistlər üçün maraqlı olar. Qarabağda olan məscidlərin özəlliyi onların Aran mədəniyyətinin daşıyıcısı olmasıdır. Həmin məscidlərin tikintisində yerli tikinti materiallarından istifadə edilməklə olduqca gözəl nəqqaşlıq nümunələri yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə yeraltı və yerüstü hissələrdən ibarət onlarla, yüzlərlə türbə mövcuddur. Qarabağda olan hər bir memarlıq abidəsi təbiətdən qopan ilmələrin daşlara hopmuş palitrasını göz önünə gətirir.

Bundan əlavə, Qarabağda xalça turları da təşkil etmək mümkündür. Qarabağda toxunan xalçalar dünyanın heç bir yerində toxunmur. İşğaldan azad edilmiş ərazilərimizdə müalicəvi turizmin, istirahət turizminin də inkişafı üçün əlverilşli şərait var. İşğaldan əvvəl Turşsu yaylasında böyük sanatoriya kompleksi olub. Şuşanın özündə böyük turizm potensialı var. Zümrüd meşələr, tarixi abidələr, İsa bulağı, istirahət evləri mehmanxana və muzeylər bu məkana vaxtıilə gələn qonaqları heyran qoyub. Laçında Sarı Aşığın muzey kompleksi vardı ki, bu, aşıq sənətinə aid ilk muzey idi. Bu abidələrin bərpası bölgədə turizmə böyük töhfə verər. Qarabağda qastronomiya turizminin, folklor turizminin inkişafı üçün əlverişli şərait var. Qarabağ atları və bu bölgəyə xas qeyri-maddi mədəni irs nümünələri var ki, hər biri ayrılıqda bir turizm marşrutu ola bilər. Çovğan və zorxana oyunları turu, eləcə də Qarabağa muğam turu ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə ustad dərslər təşkil edilə bilər. İşğaldan əvvəl Şuşa və Ağdamda musiqi alətləri istehsalı kombinatı olub. Onun bərpası ilə Qarabağda xalq çalğı alətlərinin hazırlanması prosesilə turistləri tanış etmək olar".

G.Hüseynova bildirir ki, infrastruktur qurulduqdan sonra işğaldan azad olunan torpaqlarımız bölgənin böyük turizm mərkəzinə çevriləcək".

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə hesab edir ki, Qarabağın gələcəyi əsasən ekoturizm fəaliyyətləri ilə bağlıdır: "İşğaldan azad edilmiş ərazilərimizin turizm potensialı o qədər böyükdür ki, saymaqla bitməz. Bu ərazilərə turların təşkil edilməsi üçün ilk növbədə təhlükəsizlik təmin edilməlidir. Həmçinin bu ərazilərdə infrastruktur quruculuğu həyata keçirilməlidir. Təkcə Azıx mağarasına tur təşkil etməklə xarici turistlərin diqqətini bu ərazilərə cəlb etmək olar".

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, turizm mütəxəssisi Ruslan Quliyev isə deyir ki, Sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar olub. Həmsöhbətimiz bildirir ki, Şuşada balneoloji mərkəzlər mövcud olub: "İşğaldan azad olunmuş ərazilərimizdə kanat yollarının çəkilməsi üçün böyük potensial var. Bu bölgələrin unikallığı ondadır ki, bu ərazilərdə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur".

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə sorğumuza cavabında bildirib ki, hal-hazırda Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və siyasətini hazırlayır. Onun sözlərinə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq: "Bunun üçün isə bir neçə komponent təmin edilməlidir. Bunlardan ən başlıcası təhlükəsizliyin təmin edilməsidir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. Digər məsələ bu bölgəyə investisiyaların cəlbidir. İlkin olaraq nəqliyyat infrastrukturunun, mülki infrastrukturun yaradılması və investisiyalar üçün şəraitin qurulması nəzərdə tutulur. Bizim qənaətimizə görə, işğaldan azad edilmiş ərazilərdə bir neçə turizm klasteri yaradıla bilər. Bu, ilk növbədə Füzuli-Xocavənd-Şuşa-Laçın istiqamətidir. Digər klaster paralel olaraq Füzuli-Cəbrayıl-Zəngilandır. Zəngilan-Qubadlı üçüncü, dördüncü klaster Kəlbəcər-Laçındır, beşinci klasterə Bərdə-Ağdam daxildir. Regionların ayrı-ayrılıqda turizm potensialında Şuşa yüksək qiymətləndirilir. Burada mədəni tədbirlərin təşkili, festival turzim məhsulları təqdim edilə bilər. Laçın-Kəlbəcər istiqamətində təbiət, qış turizmi və sağlamlıq turizmi, Qubadlı-Zəngilanda mədəniyyət və təbiət, Füzuli- Ağdam-Cəbrayılda isə mədəniyyət və işğalın nəticələrini göstərmək üçün bəzi tikililər saxlanılmaqla turistlər üçün nümayiş etdirmək lazımdır. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də var".

K.Quluzadə deyir ki, bu bölgəyə turist axını üçün də əlverişli coğrafi şərait var: "Xudafərin vasitəsilə İrandan, Naxçıvan üzərindən isə Türkiyədən turistlərin gəlməsi mümkün olacaq. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını gözlənilir. Azərbaycan turizminin prioritet bazarı var ki, bu istiqamətdə də işlər aparılacaq. Bu ərazilərə turizm marşrutları ilə bağlı müxtəlif ideyalar var ki, bunlar hazırlanan strategiyada öz əksini tapacaq".

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) Sənaye Dərnəklərinin müdiri Səkinə Əsgərova bizimlə söhbətində bildirdi ki, noyabrın 16-dan etibarən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) ilə birgə Qarabağın turizm potensialı ilə bağlı bələdçilər hazırlamaq üçün vebinarlara start verib: "Müsabiqə nəticəsində seçilmiş yerli və beynəlxalq sertifikasiyalardan keçmiş 30 turizm bələdçisinə Qarabağ irsinin turizm çəkisi, Qarabağ etnoqrafiyası (zərgərlik, geyimlər, rəqslər, folklor), Qarabağ atları, Qarabağ futbol klubu, Qarabağ mədəni irsi, Qarabağ damğaları, Qarabağ memarlıq məktəbi, Qarabağ xalçaçılıq məktəbi, Alban dini abidələri, Alban memarlıq irsi, qastronomiya, şərabçılıq, hərbi jurnalistika, Qarabağ klassik musiqi və muğam, erməni mifləri, flora və fauna ehtiyatları, etnoqrafik məqamlar və digər mövzuları əhatə edən 20-dən artıq istiqamət üzrə təlim-tədris edilməkdədir".

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin dili ilə desək, Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024