İqtisadiyyat (4-09-2018, 12:17)
Neft Fondunun qaz satışından qazancı bəlli oldu
Dövlət Neft Fondu 2007-ci ildən 2018-ci ilin sentyabr ayının 1-nə qədər “Şahdəniz” yatağı üzrə qazın satışından 2 milyard 506 milyon dollar gəlir əldə edib.
Mediatv.az xəbər verir ki, fond cari ilin səkkiz ayında “Şahdəniz”dən hasil edilən kondensat satışından 115 milyon dollar qazanıb.
Qeyd edək ki, “Şahdəniz” yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.
“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), “AzSD” (10%), “SGC Upstream” (6.7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.