İqtisadiyyat (1-08-2018, 10:11)
Güzəştli mənzillərin yenidən satışının həyata keçiriləcəyi tarix açıqlandı
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışının həyata keçiriləcəyi tarix açıqlanıb.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı 5 sentyabr 2018-ci il, saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il saat 11:00-dək davam edəcək.
Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.
Beləliklə, bir otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti 65 min 626 manatdan başlayır.
Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir. Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda ödəniş proseduru da açıqlanıb.
Mənzil 10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda bir otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, iki otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, üç otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat olacaq.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı bir otaqlı mənzillər üçün 26 min 932 manatdan, iki otaqlı mənzillər üçün 42 min 554 manatdan, üç otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır.
Onu da xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına 7 may 2018-ci il tarixində başlanılsa da, bunu həyata keçirmək mümkün olmamışdı.
Belə ki, bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanmışdı.
Bir neçə gün əvvəl MİDA aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirdiyini açıqladı. Məlumatda bildirilirdi ki, elektron imzanın “Güzəştli mənzil” sistemində fəaliyyətin dayanıqlığının artırılması istiqamətində sınaqlar aparılıb. Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək.