İqtisadiyyat (19-02-2018, 12:07)
İcbari sığorta haqlarını avtomobil sahibləri hesablayacaq
Avtonəqliyyat vasitəsi sahibləri sığorta şirkətləri ilə bağladıqları icbari sığorta müqavilələri üzrə ödəməli olduqları sığorta haqlarını artıq müstəqil şəkildə hesablaya bilərlər.
Mediatv.az xəbər verir ki, bunun üçün İcbari Sığorta Bürosunun sürücülər üçün yaratdığı və hesabla.isb.az veb-saytında təqdim olunan müvafiq onlayn xidmətdən istifadə etmək mümkündür.
Bürodan bildirilir ki, qeyd edilən sayta daxil olaraq orada avtonəqliyyat vasitəsinin növünü və özünün Bonus-Malus əmsalını daxil etməklə avtonəqliyyat vasitəsi sahibi olan hər bir şəxs bağladığı icbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqını öyrənə bilər.
Bonus-Malus əmsalını öyrənmək üçün sürücülər öz sığorta şirkətinə müraciət edərək müvafiq məlumatı əldə edə bilərlər.
Sözügedən saytda icbari sığorta haqqının hesablanma qaydası barədə ətraflı məlumatlarla da tanış olmaq mümkündür. Belə ki, ilk öncə bilmək lazımdır ki, icbari sığorta haqqı məbləğləri dövlət tərəfindən müəyyən edildiyindən, bütün sığorta şirkətləri üzrə eynidir və bir şirkətdən digərinə fərqlənə bilməz.
İcbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı sadə bir düsturun köməyilə formalaşır. Bunun üçün bütün avtonəqliyyat vasitələri üçün 50 manat məbləğində müəyyən edilmiş baza sığorta haqqını, avtonəqliyyat vasitəsinin növünə görə əmsalı və sığortalının Bonus-Malus sinfinə görə əmsalını bir-birinə vurmaq lazımdır, nəticədə alınan məbləğ məhz ödənilməli olan icbari sığorta haqqını təşkil edəcək.
Avtonəqliyyat vasitələrinin növlərinə görə əmsallar İcbari Sığorta Bürosunun veb-saytında yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydaları ilə müəyyən olunur.
Sadə dildə desək, məsələn, vətəndaş özünün 2000 kub santimetr mühərrik həcmi olan avtomobilini icbari qaydada sığortalamaq istəyir. Qaydalara əsasən, bu mühərrik həcmi üzrə avtonəqliyyat vasitəsinin əmsalı 1,50 rəqəminə bərabərdir.
Son illər ərzində həmin şəxs avtomobillə yollarda bir neçə qəzaya səbəb olub, bu üzdən də onun Bonus-Malus əmsalı pisləşərək 1,60 səviyyəsində qərarlaşıb. Avtomobilinin növbəti icbari sığorta müqaviləsi üzrə ödəyəcəyi sığorta haqqını hesablamaq üçün vətəndaş 50 manatlıq baza sığorta haqqını, avtomobilinin mühərrik həcminə görə əmsalı (1,50 rəqəmini) və özünün Bonus-Malus əmsalını (1,60 rəqəmini) bir-birinə vurmalıdır.
Alınan 120 manatlıq məbləğ onun növbəti icbari sığorta müqaviləsi üzrə ödəyəcəyi sığorta haqqını təşkil edir. Burada qeyd etmək lazımdır ki, vətəndaşın bu dəfə belə yüksək sığorta haqqı ödəməli olmasına baxmayaraq, növbəti illərdə o qəzasız avtomobil idarə edərsə, onun Bonus-Malus əmsalı ildən ilə yaxşılaşacaq və nəticədə gələcək müqavilələri üzrə o daha az sığorta haqqı ödəyə biləcək.
Qeyd etmək lazımdır ki, hər bir sığortalının Bonus-Malus sinfinə görə əmsalı ildə bir dəfə, 15 yanvar tarixinə müəyyənləşir və növbəti ilin 15 yanvar tarixinədək qüvvədə olur.