İqtisadiyyat (26-01-2018, 10:11)
Londondan “Beynəlxalq Bank”a qarşı qərar
London Ali Məhkəməsi Rusiyanın ən iri bankı sayılan “Sberbank” və “Franklin Templeton” ailə fondunun “Azərbaycan Beynəlxalq Bankı”na qarşı borcun restrukturizasiyası (təkrar strukturlaşdırılması) üzrə iddia tələbini təmin edib.
Mediatv.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi London Ali Məhkəməsinin çıxardığı qərara əsasən məlumat yayıb.
Azərbaycanın ən iri bankı sayılan ABB 2017-ci ilin mayında gözlənilmədən 3.3 milyard dollar məbləğində borcun restrukturizasiyasını elan edib.
Bank hökumətin vasitəçiliyi ilə kreditorlara, o cümlədən avroistiqraz sahiblərinə borcun bir hissəsinin silinməsi ilə bağlı təklif göndərib.
“Diskont borcun kateqoriyasından asılı olub, 3,20 və 50 faiz təşkil edib”, - deyə “Sberbank” rəhbərliyinə yaxın olan mənbə bildirib. Mənbənin sözlərinə görə, bank ikinci kateqoriyaya düşüb ki, bununla razılaşmayıb.
May ayında ABB London Ali Məhkəməsinin “kreditorların tələblərinin təmin edilməsinə qoyulan moratorium” haqqında qərar qəbul edib. Restrukturizasiya Azərbaycan qanunvericiliyi əsasında aparılıb və yanvarın 30-na (cari ilin) kimi başa çatdırılmalıdır.
Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium kreditorlara “Beynəlxalq Bank”a qarşı hər hansı hüquqi addımlar atmaq və ya davam etdirməyə və ya məhkəmə qərarı olmadan onun aktivlərinə yiyələnməyə icazə vermir.
ABB yanvarın 30-da bitən moratoriumun vaxtını uzatmağı xahiş etsə də, “Sberbank” və “Franklin Templeton Investment Management Limited” (FTIML) buna qarşı çıxıb. Bunu yanvarın 18-də çıxan qərardan da görmək olur.
“Sberbank” 2016-cı ildə ABB-yə ticarətin maliyyələşdirilməsi ilə bağlı əqdlər üçün 20 milyon dollar məbləğində kredit ayırıb. FTIML 2019-cu ildə ödənilməli olan 500 milyon dollar məbləğində ABB istiqrazlarının sahibi olub.
Heç bir kreditor restrukturizasiya planı ilə razılaşmayıb.
“Sberbank” və FTIML bildiriblər ki, borc götürənlə münasibətlər ingilis hüququ əsasında qurulub və 1890-cı ilin “Qibbs işi” adlı presedentinə istinad edilib: həmin presedentə görə, ingilis hüququ əsasında nizamlanan borc, borc götürənin digər ölkədə iflasa uğraması ilə əlaqədar silinə bilməz.
Məhkəmə “Sberbank” və FTIML-nin mövqeyini dəstəkləyərək, ABB-yə qarşı prosesdə “Qibbs işi” presedentini nəzərə alıb.
“Məhkəmənin qərarı ingilis hüququ ilə bağlı tələblərin stabilliyinin möhkəmlənməsinə kömək edəcək və bazar iştirakçılarının öz öhdəliklərini vicdanlı şəkildə yerinə yetirməsinə stimul verəcək”, - deyə “Sberbank”ın mətbuat xidmətinin açıqlamasında bildirilir.
FTIML məsələni şərh etməkdən imtina edib.
ABB düşünür ki, çıxarılan qərar Sberbank və FTIML ondan ödəniş tələb etməsinə imkan vermir.
“Məhkəmə bu məsələnin həllini tapması üçün öz qərarında ABB-nin Apellyasiya Məhkəməsinə müraciət etməsini tövsiyə edib”, - deyə ABB şərhində bildirilir.
“İngiltərədəki məhkəmə prosesi Azərbaycanda restrukturizasiya prosesinin uğurlu şəkildə yekunlaşmasına heç bir təsir etməyəcək”.
Habelə britaniyalı vəkil bildirib ki, Apellyasiya Məhkəməsinin qərarına kimi restrukturizasiya tamamlana bilməz. Bu proses isə hələ bir neçə ay çəkə bilər.