İqtisadiyyat (5-12-2017, 09:13)
Azərbaycanda avtomobillərin qiyməti artır
Noyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də, "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.
Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.
F.Hüseynov bildirib ki, avtomobil bazarında ciddi durğunluq yaranıb: "Proqnozlaşdırıldığı kimi, ilin sonuna doğru ümumilikdə avtomobil bazarında durğunluq yaranır".
Ekspert bildirib ki, ilin sonuna doğru dollar-manat məzənnəsində dəyişikliyin olacağı ilə bağlı ehtimallar da bazara ciddi təsir göstərib: "Bu gün, demək olar ki, avtomobil alan yoxdur. Bazarda iki cür avtomobil satanlar var – avtomobil alqı-satqısı ilə məşğul olanlar və öz avtomobillərini satanlar. Öz avtomobillərini satanlar bazardan geri çəkildilər, çünki onlar düşündülər ki, əgər ilin sonuna doğru dollar-manat məzənnəsində dəyişiklik baş verərsə, o zaman onların avtomobillərini daha baha qiymətə satma ehtimalları var".
F.Hüseynovun sözlərinə görə, bazarda durğunluğun olmasına rəğmən, qiyməti 10 min manata qədər olan avtomobillərin qiymətində 20 faizə qədər artım baş verib: "Bu da dollar-manat məzənnəsində və digər məhsulların qiymətlərində artımın olacağı ehtimalları ilə bağlıdır".
Ekspert əlavə edib ki, qiyməti 10 min manatdan yuxarı olan avtomobillərin qiymətində ciddi dəyişiklik müşahidə edilməyib.