İqtisadiyyat (12-11-2017, 15:48)
Səfir: Azərbaycan kənd təsərrüfatının inkişafı üçün Aİ-nin yardımına arxalana bilər
"Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına 70 milyon avro sərf edilib".
Mediatv.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas "Elektron kənd təsərrüfatı" layihəsinə dair yekun konfransda deyib.
K.Yankauskas bildirib ki, Aİ Azərbaycanın əsas ticarət partnyoru olsa belə, hələ də hər iki tərəf arasında kənd təsərrüfatı sahəsində ticarət aşağı səviyyədədir.
2012-ci illə müqayisədə bu il Azərbaycandan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracında 4% artım müşahidə olunduğunu qeyd edən diplomat vurğulayıb ki, bu sahədə istifadə olunmamış potensial var və bu rəqəm arta bilər: "Düşünürəm ki, haqqında danışdığımız bu layihə işlək vəziyyətə düşəndə Strateji Yol Xəritəsinə yaxşı təsir edəcək və kənd əhalisinin gəlir, həyat səviyyəsini yaxşılaşdıracaq".
Səfirin sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı sahəsinin inkişafı üçün hər zaman Aİ-nin davamlı yardımına arxalana bilər: "Aİ-nin 2018-ci ilə dair yeni strategiyasında da Azərbaycana yardım prioritet olaraq qalacaq. Azərbaycanla birgə burada Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını düşünürük. Avropa İttifaqının yardımını almaq üçün şəffaf, obyektiv inzibatçılıq və nəzarət sisteminin olması mütləqdir və bu Azərbaycanda var. Azərbaycan büdcəsinin 3,8%-ini kənd təsərrüfatına kömək vasitələri üçün sərf edir. Bu da ölkədə iqtisadi şaxələndirmə proqramının əsasını təşkil edir. Azərbaycan da Aİ-nin şərtlərini öz tələblərinə uyğunlaşdırmağa hazırdır. Bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanı nəhəng Aİ bazarına birləşdirəcək".