İqtisadiyyat (20-09-2017, 09:50)
Qışda əhalinin təbii qaz təminatında problem olmayacaq
"Təkcə bu ilin 8 ayı ərzində 40 yaşayış məntəqəsinə təbii qaz verilib, əhali kateqoriyasına aid daha 57376 abonent təbii qazla təmin olunub".
Mediatv.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, sentyabrın 1-nə ölkə üzrə abonentlərin ümumi sayı 2 milyon 62 mini keçib: "Cari ildə 958,3 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 143,3 km uzunluğunda kəmərlər isə əsaslı təmir edilib. Ötən il ərzində 7805,4 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 279,4 km uzunluğunda kəmərlər əsaslı təmir edilib, 209 yaşayış məntəqəsinə təbii qaz verilib”.
Onun sözlərinə görə, respublikada qaz yığım-nəql infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə aparılan işlər uğurla davam etdirilir. “Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Dövlət başçısı tərəfindən SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır. Mövcud qrafikə uyğun olaraq, sentyabrın 1-i tarixinə yeraltı qaz anbarlarına 1,4 milyard kubmetr həcmində mavi yanacaq vurulub. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,2 milyard kubmetrdir”.