İqtisadiyyat (18-09-2017, 16:59)
“Bərdə Kərpic” 175 min manata hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Mediatv.az komitəyə istinadən xəbər verir ki, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Tərtər Konserv”, “Azərmetalinvest“, “Oğuz Kəndkimya”, “Çatal Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” ASC-dir. Adıçəkilən əmlakın səhminin 31%-ə yaxını 266 min manatdan çoxdur. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” ASC-dir. Həmin əmlakın 30% səhmi isə 175 min 512 manata yaxın təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Yevlax, Şəki, Şəmkir, Tərtər, Yardımlı, İmişli və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 1 274 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən 22 saylı mağazadır. Adıçəkilən əmlak 217 min 857 manata təklif edilir. Ümumi faydalı sahəsi 600 kvadratmetrə yaxındır. Qazax ərazi yun tədarükü və qəbulu idarəsi, paytaxtın Sabunçu rayonunda yerləşən mağaza da qiyməti ilə seçilənlər sırasındadır.
Hərracda fəaliyyətini yenidən qurmaqla, daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 63 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 300 kvadratmetrə yaxındır. Adıçəkilən əmlak torpağın sahəsi ilə birgə özəlləşdirilir.
Bundan başqa, İmişlidə yerləşən 26 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur. Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 62-si paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 230 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kvadratmetr ilə 300 kvadratmetr arasında dəyişir.
Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Xətai rayonunda yerləşən 15 kvadratmetr olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2000 manat təşkil edir. Həmçinin paytaxtın Nəsimi rayonunda yerləşən, sahəsi 16 kvadratmetr, ilkin start qiyməti 2 min 250 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. İlkin start qiyməti isə 1080 manatla 4 min manat arasında dəyişir.