İqtisadiyyat (21-08-2017, 12:01)
"Çinar" soyuducular zavodunun filialı satışa çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 19 sentyabr tarixində keçiriləcək hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.
Mediatv.az komitəyə istinadən xəbər verir ki, bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Goranboy Sənaye”, “Şəki Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Gəncə, Abşeron, Qəbələ, Saatlı, Masallı, İmişli və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kv.m ilə 2 min 100 kv.m arasında dəyişir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.
Torpaq sahəsi 3 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 660 kv.m təşkil edən Goranboyda yerləşən “Qovlar tikiş fabriki” yüngül sənayenin inkişaf etdirilməsinə şərait yaradır. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhfəsini verir. Eyni zamanda, gücləndirilmiş istehsal nəticəsində müəssisələr, tələbatı ödəməklə yanaşı, xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın torpaq sahəsi 27 min 150 kv.m, ümumi faydalı sahəsi isə 3000 kv.m-ə yaxındır. Bundan başqa, Astara rayonunda yerləşən 45 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.
Qeyd edək ki, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir: “Müəssisələrin əksəriyyətinin rayonlarda yerləşməsi isə bölgələrin inkişafına imkan verir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərmiş olur”.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 71-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriya üzrə özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 16 kv.m ilə 117 kv.m arasında dəyişir.