İqtisadiyyat (4-07-2017, 10:53)
OPEC hasilatı azaltmaq istəyir
OPEC üzvü olan ölkələr ABŞ-da neft hasilatının artmasına cavab olaraq hasilatı daha çox azaltmaq imkanlarını araşdırır.
Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bican Zəngane bildirib.
Nazir qeyd edib ki, ABŞ-da hasilatın artması gözlənilməz olub və OPEC-in proqnozlarını üstələyib. Zəngane hazırda OPEC ölkələri ilə hasilatın azaldılması barədə anlaşmanın yeni şərtlərinin müzakirə edildiyini, amma bu məsələdə razılaşma əldə etməyin çox çətin olacağını qeyd edib.
Xatırladaq ki, dünən ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) yaydığı həftəlik hesabatında ölkədə neft hasilatının 9,33 mln. bareldən 9,35 mln. barel/günə yüksəldiyi bildirilib. Bununla yanaşı, Liviyada hasilatın artması və tankerlərdə saxlanılan neft həcminin 2017-ci ilin maksimal həddinə çatması neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. Belə ki, "Brent" markalı neftin qiyməti son 1 ayda 10 dollar/barel və ya 18,8% azalıb. Bu həftə isə “Brent” nefti 3,4 dollar/barel və ya 7% ucuzlaşıb. Yuxarıda sadalanan amillər OPEC-in ciddi narahatlığına səbəb olub.