İqtisadiyyat (14-02-2017, 09:16)
“Hasilatın azaldılması ilə bağlı öhdəlik 90% yerinə yetirilib” – OPEC
Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) yanvar ayında gündəlik neft hasilatını dekabr ayı ilə müqayisədə 890,2 min barel azaldaraq 32,139 mln. barrelə endirib.
Mediatv.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in hesabatında qeyd olunub.
Bildirilib ki, Vyana razılğı çərçivəsində hasilatı azaltmaq öhdəliyini götürən ölkələr nəzərdə tutulan 1,254 mln. bareldən ən yüksək həddə 1,146 mln. barel azaldıb.
Dekabr ayı ilə müqayisədə yanvar ayında neft hasilatı ən çox Səudiyyə Ərəbistanı, İraq və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) azaldılıb. Nigeriya, Liviya və İranda isə hasilatın həcmi artıb.
OPEC-in məlumatına görə, Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 496,2 min barel azaldılaraq 9,946 mln. barel, İraqda 165,7 min barel aşağı salınaraq 4,476 mln. barel, BƏƏ-də isə 159,3 min barel azaldılaraq 2,931 mln. barelə qədər olub.
Nigeriya isə dekabr ayı ilə müqayisədə ötən ay gündəlik neft hasilatını 101,8 min barel artıraraq 1,576 mln. barelə, Liviya 64,7 min barel qaldıraraq 675 min barelə, İran isə 50,2 min barel artıraraq 3,775 mln. barelə çatdırıb.
Qeyd edək ki, ötən ilin noyabr ayının sonunda OPEC ölkələri gündəlik neft hasilatının 1,2 mln. barel azaldılması ilə bağlı qərar verib. On ölkə – Əlcəzair, Anqola, Ekvador, Qabon, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Venesuela hasilatın azaldılmasına razılıq verib. Hasilatın azaldılması razılığında Nigeriya və Liviya üçün istisna tətbiq edilib. İran isə razılıq çərçivəsində icazə verilən 3,797 mln.barel/gün həddinə qədər hasilatı artırmayıb.