İqtisadiyyat (22-07-2016, 14:49)
“SOCAR DESFA-dakı 17%-i “Snam”a sentyabrın sonunda sata bilər”
Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın özəlləşdirilməsi prosesi maneəsiz keçir.
Mediatv.az xəbər verir ki, bu barədə Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) prezidenti Steriqos Pitsorlas deyib.
“SOCAR tərəfindən İtaliyanın “Snam” şirkətinə 17%-lik səhm paketinin satılması ilə bağlı danışıqlar davam edir və sentyabrın sonu – oktyabrın əvvəlində əqdin bağlanması planlaşdırılır”, – deyə S. Pitsorlas qeyd edib.
Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də HRADF DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
Hazırda DESFA-nın SOCAR tərəfindən əldə edilmiş 66%-lik səhm paketinin 17%-nin “Snam” şirkətinə satmaq üçün danışıqlar aparılır. /APA