İqtisadiyyat (14-04-2016, 11:14)
Bankların birləşməsi ilə bağlı açıqlama
Konsolidasiya prosesləri bankların özlərinin strateji baxışları və təşəbbüsləri çərçivəsində baş verə bilər.
Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasından “Report”un bankların konsolidasiyası prosesi ilə bağlı sualına cavabda bildirilib: “Hazırda bank sisteminin maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir və artıq sektorda sabitləşmə meyilləri müşahidə edilir. Konsolidasiya prosesləri bankların özlərinin strateji baxışları və təşəbbüsləri çərçivəsində baş verə bilər”.
Xatırladaq ki, bir müddət öncə “AGBank” ASC digər banklarla konsolidasiya haqqında ilkin razılığa gəlsə də, daha sonra bank öz işini müstəqil davam etdirməyə qərar verib. Bundan başqa, Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilmiş banklardan bir neçəsi birləşərək yenidən lisenziyalarının bərpasına çalışır.
Həmçinin, Palatadan bazar trendlərindən asılı olaraq milli valyutada əmanətlərin stimullaşdırılası ilə bağlı tədbirlərin davam etdirilə biləcəyini bildiriblər: “Milli və xarici valyutada əmanətlərin sığortalanmasına differensial yanaşmanın tətbiqinə başlanılıb. Bu addım milli valyutada əmanətlərin stimullaşdırılması üçün əhəmiyyətlidir. Gələcəkdə, müvafiq bazar trendlərindən asılı olaraq əlavə tədbirlər müəyyən edilə bilər”.