İqtisadiyyat (28-03-2016, 18:15)
Azərbaycanlı milyarderin şirkəti neft hasilatını artırır
Rusiyanın şirkəti İraqda neft hasilatını artıracaq.
Mediatv.az xəbər verir ki, bu barədə jurnalistlərə İraqın baş naziri Heydər əl-Abadinin mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, bununla əlaqədar artıq müəyyən orqanlara müvafiq göstərişlər də verilib.
“Baş nazir Heydər əl-Abadi artıq İraq neft nazirliyinə “Lukoyl”la danışıqlar aparmaq üçün göstərişlər verib. Neft hasilatının artırılmasında məqsəd isə neft-qaz sahəsinə investisiyaların həcminin artırılmasıdır”, - deyə baş nazir ilə “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovun görüşünün yekunu haqda bəyanatda deyilir.
“Lukoyl ilə bütün zəruri məsələlər həll edilsin və neft sektorunda investisiya axınına səbəb olacaq razılıq əldə olunsun”, - deyə baş nazirin göstərişində vurğulanır.
Vahid Ələkbərov da öz növbəsində Qərbi Qurna neft yatağına dair iş planını təqdim edərək bildirib ki, şirkət neft hasilatını sutkada 1.2 milyon barelədək artırmağı planlaşdırır.
Yanvarın sonunda “Lukoyl”un vitse-prezidenti Leonid Fedun bəyan edib ki, şirkət neft hasilatını azaldacaq, İraqda da hasilatın azaldılması ümumi tendensiya ilə bağlıdır. O həmçinin qeyd edib ki, hasilatın azaldılması İraqda fəaliyyət göstərən digər şirkətlərdə proporsional qaydada həyata keçiriləcək.
Neft hasilatının azalmasında ən yüksək göstərici İraqa məxsusdur. Hərçənd ki, 2015-ci ildə İraqın neft istehsalı digər ölkələrlə müqayisədə daha çox artıb. Hasilatın enməsinə səbəb isə kürdlərin məskunlaşdığı regiondan neft ötürən borunun fəaliyyətinin dayandırılması olub.
Fevralın 16-da Dohada Rusiya, Qətər, Səudiyyə Ərəbistanı və Venesuelanın nümayəndələrinin iştirakı ilə baş tutan danışıqlarda neft hasilatının səviyyəsini 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurmaq qərarı verilib.
anspress.com