İqtisadiyyat (28-01-2016, 09:16)
Azərbaycan 4 mlrd. dollar kredit alır
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) nümayəndələri milli valyutanın devalvasiyası və neftin qiymətinin düşməsi ilə əlaqədar 4 milyard dollar məbləğində mümkün təcili borc paketinin müzakirə edilməsi üçün Azərbaycana rəsmi səfərə gələcəklər.
Mediatv.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Qeyd olunur ki, bu kredit neft qiymətlərinin düşməsi səbəbindən maliyyə yardımının göstərilməsi proqramı seriyasından birinci olacaq.
BVF nümayəndəsinin sözlərinə görə, nümayəndə heyəti ölkə hakimiyyətinin xahişi ilə 28 yanvar – 4 fevral tarixlərində Bakıda səfərdə olacaq. Səfər zamanı “texniki yardım” və “mümkün maliyyə tələbatlarının qiymətləndirilməsi” müzakirə olunacaq.
Nəşrin mənbəsi əlavə edib ki, söhbət təqribən 4 milyard dollar məbləğində kreditin ayrılmasından gedir. Dünya Bankı nümayəndəsi bildirib ki, Azərbaycan hökuməti ilə, həmçinin “milli valyutaya təzyiqlər və neftin qiymətinin aşağı olması ilə bağlı” təxirəsalınmaz və uzunmüddətli tədbirləri müzakirə edəcəklər.
Nəşrin məlumatına görə, danışıqlar hələ ki, ilkin mərhələdədir, ola bilsin ki, Azərbaycan hökumətinə BVF-nin dəstəyi gərək olmasın.
Nəşr əlavə edir ki, digər maliyyə institutları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankının nümayəndələri də növbəti bir neçə gün ərzində Bakıda səfərdə olacaqlar.