İqtisadiyyat (6-01-2016, 16:11)
Neft Fondu dollar satışına başlayır
Neft Fondu yenidən valyuta satışına başlayır
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gələn həftədən etibarən yenidən daxili banklararası bazarda valyuta satışına başlaması gözlənilir.
Mediatv.az xəbər verir ki, ARDNF-nin ən son valyuta satışı dekabrın 8-də baş tutub. O vaxtdan etibarən mütəşəkkil valyuta bazarına intervensiya AMB tərəfindən həyata keçirilib.
Nəticədə, dekabrın 21-də "üzən məzənnə"yə keçən AMB dekabrın 25-də valyuta hərracları həyata keçirməyə başlayıb.
ARDNF isə büdcəyə transfertlər proqramı çərçivəsində valyuta satışını bir neçə kommersiya bankı vasitəsi ilə həyata keçirir və satış adətən rəsmi məzənnədən 10-15 bənd artıq məzənnə ilə aparılır.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatlarının hazırda 4,5 mlrd. dolara qədər gerilədiyi ehtimal edilir. ARDNF-nin satışı bitdikdən sonra AMB-nin yenidən intervensiyaya başlaması üçün Mərkəzi Banka sərəncamında olan xarici qiymətli kağızları satmaq lazım gələcək. Bir müddətdən sonra isə AMB-nin əlavə vəsaitə ehtiyacı yaranacaq və bunun ARDNF-dən cəlb edilməsi mümkündür. Bunun üçün Fond AMB tərəfindən emissiya olunacaq qiymətli kağızları alaraq, Mərkəzi Banka əlavə borc resurslar təqdim edə bilər.
Xatırladaq ki, ARDNF-nin bu il dövlət büdcəsinə 6 mlrd. manat transferti planlaşdırılır. Büdcə təsdiq olunarkən bu vəsait dollar ekvivalentində 4,95 mlrd. dollar təşkil edirdisə, hazırda 3,84 mlrd. dollara bərabərdir. Yəni, ARDNF 1,11 mlrd. dollar və ya 22,4% qənaət etmiş olur və qənaətin məbləğinin il ərzində AMB-nin məzənnə siyasətinə uyğun artacağı gözlənilir.