Manatın məzənnəsinin enməsi ilə bağlı 2015-ci ilin dövlət büdcəsinin icrasında hər hansı problem gözlənilmir.
Mediatv.az xəbər verir ki, bu barədə, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.
M.Piriyev deyib ki, 2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə büdcə xərclərinin (xarici valyutada ifadə edilmiş) hesablanması zamanı isə manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hal-hazırda baxılır.
Bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək.
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması etimal olunur.
Eyni zamanda bildiririk ki, manatın məzənnəsinin enməsinin ölkənin istehlak bazarlarındakı qiymətlərə mənfi fəsadları olacağı təqdirdə, gündəlik tələbat mallarının inflyasiya səviyyəsinə uyğun olaraq əhalinin sosial baxımdan həssas qruplarına (o cümlədən, aztəminatlı ailələrə, təqaüdçülərə, sağlamlıq imkanları məhdud olan şəxslərə, tələbələrə və digər sosial ödənişlər alan əhali qruplarına) verilən ödənişlərin müvafiq indeksləşdirilməsi həyata keçiriləcək.