İqtisadiyyat (26-10-2015, 22:16)
Azərbaycan Dövlət Neft Fondunda 6,4 faizlik azalma
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb.
Mediatv.az-a ARDNF-dən verilən məlumata görə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində fondun büdcə gəlirləri 5 mlrd. 543,4 mln. manat, büdcə xərcləri isə 6 mlrd. 397,1 mln. manat təşkil edib.
2015-ci ilin 9 ayı ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 mlrd. 492,2 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 mlrd. 479,5 mln. manat, akrhesabı ödənişlər 2,2 mln. manat, bonus ödənişləri 2,1 mln. manat və tranzit gəlirləri 8,4 mln. manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 51,2 mln. manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 7 mlrd. 828,3 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində, fondun 2015-ci il büdcəsinin icrası çərçivəsində 5,65 mlrd. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,8 mln. manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 22,6 mln. manat vəsait yönəldilib. 16,8 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 489,3 mln. manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 20,2 mln. manat təşkil edib.
2015-ci il oktyabrın 1-ə fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 mln. ABŞ dolları) nisbətən 6,38% azalaraq 34 738,1 mln. ABŞ dollarına bərabər olub.
marja.az