Azərbaycan Türkiyənin Rusiya qazından imtina edəcəyi halda bu ölkəni qazla təchiz etmək imkanı yoxdur.
Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Rusiya KİV-lərinə bildirib.
Natiq Abbasov ötən həftə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının Moskvada, VDNX sərgi mərkəzində keçirilən iclasında iştirak edirdi.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın Türkiyəyə əlavə qaz təchizatı imkanı yoxdur. Çünki Bakı bütün ixrac qaz həcmini yaxın 25 il üçün satıb.
“Bizim hasil edəcəyimiz ehtiyatlar artıq 2040-cı ilə qədər satılıb. Əgər artıq qazımız olsaydı, elə özümüzə götürərdik”- deyə Abbasov bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı situasiyaya və Rusiya təyyarələrinin Türkiyə hava sahəsinə girməsinə görə Moskvanı hədələyib. Bildirib ki, Türkiyə Rusiya qazından imtina edə bilər.
Lakin analitiklər bu hədəni real hesab etmirlər. Çünki Türkiyənin Rusiya qazından imtina edəcəyi təqdirdə öz tələbatını ödəmək üçün başqa mənbələrdən kifayət qədər qaz almaq imkanı yoxdur.
“Qazprom” Türkiyənin qaz idxalının 57 faizini təmin edir. Qaz idxalının 20 faizi İranın, 10 faizi Azərbaycanın, 8 faizi Əlcəzairin payına düşür.
Azərbaycan isə özünün qaza artan tələbatını ödəməkdə çətinlik çəkir və hətta Rusiyadan qaz idxalına başlayıb. “Qazprom” AzMeCo şirkətinin Qaradağdakı metanol zavodunu qazla təchiz etmək üçün ildə 1-2 milyard kubmetr qaz verməyə razılaşıb. Gələcəkdə Rusiya qazından digər sənaye müəssisələrinin də istifadəsi mümkündür.