İqtisadiyyat / Slayd (17-07-2015, 14:22)
Kreditlərin silinməsi ilə bağlı şayiələrə rəsmi cavab
Elman Rüstəmov: "Bankların verdikləri kredit əhalinin, başqa bir vətəndaşın puludur"
"Əhali arasında, bəzi kütləvi informasiya vasitələrində kreditlərin bağışlanacağı barədə gəzən söz-söhbətlər əsassızdır". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov dövlət televiziyasına (AZTV) müsahibəsində söyləyib. Sədr bildirib ki, bankların verdikləri kredit əhalinin, başqa bir vətəndaşın puludur. "Mənə rast gəlib ki, yaşlı vətəndaş problemli vaxtında öz evini satıb dolanmağa qərar verib. O, satdığı evin pulunu gətirib məlum banka yatırıb. Bank da həmin pulu daha aktiv vətəndaşlara verib, hansı ki, biznes qurmaq, öz uşağına təhsil vermək istəyir və s. Baryerin bir tərəfində 60 yaşlı, həyatını yaşamış, artıq təqaüdçü olmuş evini satmış və pulunu banka yatırmış şəxsdir. Mən bununla rastlaşmışam, həmin adamın problemini həll etdik, həll olunan problem idi. Onun banka yatırdığı pulu onlarla başqa aktiv vətəndaş götürüb. Sabah bu kreditlər qayıtmır, deyilir ki, kreditlər bağışlanmalıdır. Kimin hesabına? Çox vaxt bank düşünülür. Bank ortada vasitəçidir, bankın o qədər vəsaiti olmur. Bankın öz kapitalı, onun cəmi aktivlərinin 10%-ni təşkil edir". Mərkəzi Bankın sədri bildirib ki, banklardakı pulların 90%-i vətəndaşların puludur: "Buna görə mənəvi baxımdan düşünmək lazımdır. Biz deyəndə ki, kreditlər silinməlidir, bağışlanmalıdır, o zaman düşünmək lazımdır ki, kimin pulları!? Passiv vətəndaşın?! Hansı ki, o əmanətlər hesabına yaşamaq istəyir. Hökmən dərk etmək lazımdır ki, bank vasitəçidir", - deyə AMB rəsmisi söyləyib.Problemli borcların yığılması üzrə ixtisaslaşmış AZKOLL kollektor şirkəti isə Azərbaycanın problemli kreditlər xəritəsini hazırlayıb. Xəritədə rayonlar 3 qrupa bölünüb. Birinci qrupa yığımların dərəcəsi 49%-dən az olanlar (qırmızı), ikinci qrupa 50%-dən 64%-dək olanlar (narıncı), üçüncü qrupa isə yığımın 65%-dən çox olduğu rayonlar daxildir (sarı rəng).İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov isə bir neçə gün öncə ANS PRESS-ə açıqlamasında kreditlərin silinməsi ilə bağlı söz-söhbətlərə münasibət bildirmişdi. Mütəxəssisin fikrincə, dövlət tərəfindən borcların silinməsi həm dövlət üçün əlavə xərc deməkdir, həm də bu proses bankların və kredit borcu olanların məsuliyyətini azalda bilər. Eyni zamanda, bu kredit ödənilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskriminasiya ola bilər: "Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqına qənaət edərək, yumşaq desək, bəzi hallarda "uşağının boğazından kəsərək" həmin krediti vaxtlı-vaxtında qaytarıb, digəri isə bankdan borc alib gedib Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb. Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Çünki o krediti məsuliyyətisiz xərclədi, amma onun borcu bağlandı. Əslində isə, doğru edən öhdəliyinə məsuliyyətlə yanaşandır".İqtisadçı hesab edir ki, borcların bağışlanması kredit götürənlərin əksəriyyətində "yenidən borcumu siləcəklər" arxayınlığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər. Vüqar Bayramov hesab edir ki, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolunandır.
Mediatv.az