İqtisadiyyat (10-07-2015, 23:04)
Bu il neftin orta qiyməti 60 dolları keçməyəcək
Ekspertlər BVF-nin "qara qızıl"la bağlı verdiyi proqnozun özünü doğruldacağı qənaətindədirlər
2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi azalaraq orta hesabla 4,2 faiz təşkil edəcək. "Həftə içi"nin məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" analitik icmalında deyilir. Hesabatda vurğulanır ki, bu azalma xüsusilə Latın Amerikası, neft ixrac edən ölkələrdə birja məhsullarına aşağı qiymətlərin təsiri və sərt xarici maliyyə şərtləri, Çin iqtisadiyyatının yenidən tarazlaşdırılması, habelə MDB, bir neçə Yaxın Şərq və Şimali Afrika ölkələrinin geosiyasi amilləri ilə əlaqədar olan iqtisadi çətinlikləri əks etdirir.
Bununla belə, BVF ekspertləri hesab edir ki, 2016-cı ildə inkişaf etməkdə olan ölkələrdə artım 4,7 faizə çatacaq: "Bu əsasən Rusiya da daxil olmaqla, Yaxın Şərq və Şimali Afrika ölkələri kimi iqtisadi çətinlik çəkən bir sıra ölkələrdə iqtisadi şərtlərin proqnozlaşdırılan yaxşılaşması hesabına olacaq".
Bundan başqa, fondun analitiklərinin fikrincə, ABŞ dollarının məzənnəsinin gələcək artımı dollarla borc öhdəliyi olan ölkələr üçün balans və maliyyələşmə riskləri yaradacaq: "Mübadilə məzənnələrinin azalması çevik kurs rejimi olan ölkələrdə neftlə əlaqədar olaraq ticarət şərtlərinin pisləşməsinin tələbata təsirini neytrallaşdırmağa yardım edə bilər. Bir çox ölkələrdə məhsuldarlığın artırılması və istehsalatda dar yerlərin aradan qaldırılmasına yönəlmiş struktur islahatlara kəskin ehtiyac var".
Hesabatda həmçinin qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrdə tələbatın saxlanılması üçün makroiqtisadiyyat siyasətinin məkanı adətən, məhdud olur. Lakin ondan maksimum dərəcədə istifadə edilməlidir: "Bu ölkələrin əksəriyyətində tələbata dəstək vergi islahatları və prioritet xərclərə yenidən baxılması vasitəsilə uzunmüddətli perspektivdə inkişaf artımında vergi-büdcə siyasətinin istiqamətini dəyişməsi yolu ilə həyata keçirilməlidir".
İcmalda həmçinin 2015-ci ildə neftin orta dünya bazar qiyməti bir barrel üçün 59 dollar proqnozlaşdırırlar.
Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan missiyasının rəhbəri Raca Almarzoqi ölkəmizə səfəri çərçivəsində deyib ki, 2015-ci il ərzində neftin qiymətində ciddi dəyişiklik olmayacaq. O hesab edir ki, 2019-cu ilə kimi dünya bazarından “qara qızıl“””ın qiyməti 75-79 ABŞ dolları civarında dəyişəcək. BVF missiyasının rəhbəri bunun əsas səbəbini şist nefti hasilatında və xam neftə tələbatın azalmasında görüb.
Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da hesab edir ki, "qara qızıl"ın qiymətindəki son dəyişikliklər neftin 1 barrelinin 60 dollar ətrafında olacağını deməyə əsas verir: "İranla Qərb arasında təşkil edilən müzakirələr və eləcə də Yunanıstanın defoltu neftin dünya bazar qiymətini aşağı salsa da, gözlənildiyi kimi yenidən "qara qızıl" dəyər qazanmağa başladı. Qlobal siyasi faktorları da nəzərə aldıqda bazarda qiymət tarazlığının formalaşdırıldığını söyləmək olar. Bu isə o deməkdir ki, nəinki istehlakçı hətta ixracatçı ölkələr də öz proqnozlarını məhz mövcud tarazlığa uyunlaşdırmalıdırlar. BVF-nin avrozonada 1,5 faiz, ABŞ-da 2,5 faiz artım proqnozlaşdırmasına rəğmən, Rusiyada 3,4 faiz, Braziliyada 1,5 faiz azalma gözləməsində də neftin dünya bazar qiyməti heç də az rol oynamır. MDB ölkələri isə Rusiya daxil edilmədən 0,7 faiz artıma nail ola biləcəklər. Bu baxımdan, ölkəmizdə də monetary, fiskal və digər iqtisadi siyasətlər hazırlanan zaman neftin məhz mövcud və proqnozlaşdırılan qiymətinin nəzərə alınmasına ehtiyac var".
Ekspertin sözlərinə görə, əslində, Maliyyə Nazirliyinin gələn ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətini 50 dollar götürməsi müsbət haldır: "Dövlət daxil olmalarının və xərclərinin real proqnoz qiymətinə uyğunlaşdırılması iqtisadiyyatın balanslaşdırılması üçün də çevik alətlər formalaşdırır".
Mövzu ilə bağlı fikirlərini açıqlayan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, spekuliyativ xəbərlər birjalara ciddi təsir göstərir: "Bir müddətdir ki, biz neftin qiymətində müəyyən dəyişikliklər görürdük. Məsələn, qiymət 65 dollara yaxınlaşanda yenidən ucuzlaşma baş verdi. Qiymətin aşağıya doğru getməsi dolların bir valyuta kimi çəkisinin artması ilə bağlı idi. Digər bir faktor isə İran faktoru idi. Belə ki, çox ciddi xəbərlər yayılırdı ki, artıq 30 iyun razılaşması müsbət nəticələnir. Bu isə İranın illərlə bunkerlərdə, tankerlərdə saxladığı nefti rahat şəkildə dünya bazarına çıxarması deməkdir. Bunun nəticəsində də neftin qiymətində ucuzlaşma baş verəcək. Hətta xəbərlər yayılırdı ki, neftin qiyməti 45 dollara qədər ucuzlaşacaq və əllərdə olan nefti tez satmaq lazımdır. Bu təşviş birjalara çox ciddi təsir göstərirdi. Bu baxımdan da qiymət ilk günlərdə kəskin aşağı düşdü. Amma bu günlərdə məlum oldu ki, bütün bu məlumatlar sadəcə spekuliyativ xəbərlərdir. Yəni bu cür informasiya xarakterli məlumatlar birjalara daim təsir edir. Bazarın real sabitləşməsi üçün müəyyən zaman tələb olunur. Amma bu sabitləşmənin bir həftə və ya bir il çəkəcəyi baş verən proseslərdən asılıdır. Amma müşahidələr onu deməyə əsas verir ki, neftin qiyməti ilə bağlı 2015-ci il üçün verilən proqnozlar özünü doğruldacaq. Belə ki, neftin orta qiymətinin təxminən 60 dollar olacağı təsdiqini tapacaq".