Hadisə / Slayd (29-04-2016, 19:16)
NAZİR NƏ İLƏ ŞANTAJ OLUNUB? – “Eldar Mahmudovun əlində intim görüntülər olub…”
Vəli Ələsgərov Vasif Talıbovu dinləməkdən imtina edib, lakin az sonra buna məcbur edilib!
Aprelin 29-da səhər saatlarında Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovu istintaq təcridxanasına aparıblar. Orada Vəli Ələsgərov təhqir olunub, alçaldılıb.
Mediatv.az xəbər verir ki, bu haqda Azadliq.info-ya V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.
Vəkil deyib ki, bu haqda məlumat alandan dərhal sonra ombudsmanla əlaqə saxlayıb, Baş Prokurorluğa qanunsuzluq haqda məlumat verib: “Bizim mətbuata açıqlamalarımızdan sonra bu gün yenidən xüsusi təyinatlılar Vəli Ələsgərovun qollarına qandal vuraraq müstəntiq Pərviz Hüseynovun hüzuruna aparıblar. Ona hədə gələrək vəkilərdən imtina etməsi tapşırılıb. Əks halda barəsində CM-nin daha iki maddəsi üzrə ittiham irəli sürüləcəyi və barəsində həbs qətimkan tədbiri seçiləcəyi barədə xəbərdarlıq edilib. Saat yarım işgəncələrdən sonra yenidən evinə qaytarılıb”.
Vəkil həmçinin bildiib ki, Eldar Mahmudov nazir olan zaman Vəli Ələsgərova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov və onun ailə üzvlərinin dinlənilməsi barədə göstəriş verilib. O, isə buna əməl etməkdən imtina edib. Bundan sonra Eldar Mahmudov özü Vəli Ələsgərov barəsində kompromatlar toplayaraq Vasif Talıbova göndərib. MTN ətrafındakı olaylardan sonra onun barəsində “çirkin kampaniya” başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.
Vəkilin bu açıqlamaları “AzPolitika.info”nun məlumatlarnı təsdiq edir ki, V.Ələsgərov məhz Vasif Talıbov və yaxın ətrafını, ailə üzvlərini dinlədiyinə, bu barədə Eldar Mahmudova kompromatlar ötürdüyünə görə qəzəbə gəlib. Bu işin üstü E.Mahmudov MTN-dən uzaqlaşdırılandan sonra açılıb. Hazırda V.Ələsgərova fiziki-psixoloji təzyiqlərin əsas məqsədi isə, keçmiş nazirdən həmin kompromatların əsas nüsxəsinin yerini öyrənməkdir. Lakin istintaqçıların bu istiqamətdəki cəhdləri nəticəsizdir – onlar və Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları onun əlində olan kompromat materialları əldə etmək üçün bütün güclərini səfərbər etsələr də, hələ ki, bir nəticə yoxdur. V.Ələsgərov Naxçıvan MR rəhbərliyinin izlənilməsi, gizli dinləmə və çəkilişlər, həmçinin digər vasitələrlə topladığı kompromat materialların, telefon danışıqları və videoçəkilişlərin saxlandığı “yaddaş kartı”nın yerini deməkdən imtina edir. Bu materialların bir nüsxəsinin Bakıya – Eldar Mahmudova ötürüldüyü istintaq yolu ilə sübut olunsa da, V.Ələsgərov belə bir fəaliyyətlə məşğul olduğunu və əlində Naxçıvan rəhbərliyinin əleyhinə kompromatlar olduğunu israrla danmaqda davam edir.
İşin ən sensasiyalı məqamlarından biri isə, Eldar Mahmudovun Vəli Ələsgərovu öz rəhbərinə qarşı xəyanətə necə məcbur etdiyidir. “AzPolitika”ya verilən məlumata görə, vəkil Vüqar Xasayevin dediklərində müəyyən həqiqət var, doğrudan da V.Ələsgərov əvvəlcə V.Talıbovu dinləməklə bağlı Eldar Mahmudovun tapşırığını yerinə yetirməkdən imtina edib.Lakin bir müddət sonra E.Mahmudovun əlində V.Ələsgərovun intim videogörüntüləri olduğundan, Naxçıvan MTN-in rəhbəri E.Mahmudovun tələblərini yerinə yetirmək məcburiyyətində qalıb. Başqa sözlə, Azərbaycan MTN-in başçısı, Naxçıvan MR MTN-in rəhbərini gizli çəkilmiş intim görüntüləri ilə şantaj edərək, onu Vasif Talıbovun əleyhinə işlədib.
“AzPolitika”
***
“Ələsgərovun özünün, qardaşının və iki bacısının mənzillərini, evlərini, müəssisələrini və torpaq sahələrini əllərindən alıblar. Ümumilikdə müsadirə edilmiş əmlakın məbləği 6 mln. manat təşkil edib”
Vaxtilə hər şeyə qadir olan Naxçıvan Muxtar Respublikası MTN rəhbəri Vəli Ələsgərov özü hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərin repressiv sisteminin qurbanı olub. Bu barədə bugünki mətbuat konfransında onun vəkilləri Vüqar Xasayev və Tofiq Allahverdiyev bildiriblər.
“Bu miqyasda qanunsuz əməllərlə ilk dəfə qarşılaşıram. Həm də bu, təkcə təqsirləndirilən şəxsə qarşı deyil, onun qohumlarına və vəkillərinə qarşı edilir”, deyə Xasayev bildirib.
Ələsgərov vəzifəsindən 2015-ci il dekabrın ortalarında qovulub. Bu il martın 7-də o, həbs edilib və 179.3.2, 308.1 və 309.1-ci (böyük ölçüdə mənimsəmə, sui-istifadə və vəzifə səlahiyyətlərini aşma) maddələrlə ittiham olunub.
Martın 14-də vəkil Xasayev Naxçıvana gəlib və İstintaq Təcridxanasında məhbusla görüşüb. Ələsgərov dövlət vəkilindən imtina haqqında ərizə yazıb və işgəncəyə məruz qaldığını bildirib. Daha sonra o qeyd edib ki, ilk dəfə stress vəziyyətində ifadə verib və vəkilinin iştirakı ilə yeni ifadə vermək istəyir.
Bakıya qayıdan Xasayev yeni dindirmə keçirilməsi haqqında vəsatət tərtib edib. Lakin martın 16-da yenidən Naxçıvana gəldikdə onu prokurorluğun müstəntiqləri Elşad Ağayev və Elşad İbrahimovla görüşə buraxmayıblar. Vəkil istintaq təcridxanasında Ələsgərova da baş çəkə bilməyib.
Axşam vəkili polis saxlayıb və axtarış aparıb. “Bu, qanunsuz idi, amma mən etiraz etmədim”, deyə vəkil bildirib. Sonradan o öyrənib ki, martın 15-də Ələsgərovu Xasayevin xidmətlərindən imtina etməyə məcbur ediblər.
Martın 29-da V.Ələsgərov ev dustaqlığına buraxılıb və o təsdiq edib ki, onu Xasayevin xidmətlərindən imtina etməyə məcbur ediblər, amma aprelin 26-dan o yenidən Ələsgərovun hüquqlarını müdafiə edir.
Vəkilin sözlərinə görə, istintaq zamanı Ələsgərovu vaxtaşırı Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə aparırdılar, elə özünün keçmiş işçiləri onu döyürdülər və alçaldırdılar.
V.Ələsgərovun qohumlarına da təzyiq göstərilir. Onun qardaşı üç gün polisdə saxlanılıb, sonra isə 100 min manat alınaraq azad edilib.
Ələsgərovun özünün, qardaşının və iki bacısının mənzillərini, evlərini, müəssisələrini və torpaq sahələrini əllərindən alıblar. Ümumilikdə müsadirə edilmiş əmlakın məbləği 6 mln. manat təşkil edib. Bu zaman əmlakın bir hissəsi məhkəmə qərarı ilə alınıb, amma böyük hissəsini saxta bağışlama müqavilələri ilə verməyə məcbur ediblər. Bundan başqa, V.Ələsgərovun 50-dən çox qohumu işdən qovulub.
İttihamlara gəlincə, istintaqın məlumatına görə, Ələsgərov əməkdaşların adına mükafatlar yazırdı və vəsaitin böyük hissəsini mənimsəyirdi, tabeliyindəki insanlarla kobud davranırdı və s.
Digər vəkil Tofiq Allahverdiyev aprelin 26-da NMR-ə gedib və Ələsgərovun prokurorluğa deyil, Dövlət Təhlükəsizlik Xidmətinə aparıldığını görüb. Vəkil bunu qanunsuz hesab edir, belə ki, DTX-nin təqsirləndirilən şəxsi dindirmək səlahiyyəti yoxdur. Bundan sonra vəkil faktiki olaraq Naxçıvandan deportasiya olunub.
Vəkil Xasayev hesab edir ki, Ələsgərov Naxçıvanda hakimiyyətdaxili mübarizənin qurbanı olub.
İstintaq materiallarında MTN-də Turac Zeynalovun işgəncələrdən ölməsi və yerli fəalların və jurnalistlərin təqibi haqqında epizodlar olub-olmaması haqqında suala Xasayev inkaredici cavab verib.
Jurnalistlərin Ələsgərovun özünün MTN-də müxalifətə qarşı repressiyalar həyata keçirməsi ilə bağlı iradlarına cavabda vəkil bildirib ki, müdafiə tərəfi qanun çərçivəsində araşdırmaların tərəfdarıdır. Mətbuat konfransının məqsədi ictimaiyyətin diqqətini qanun pozuntularına çəkməkdir.
Müdafiə tərəfi həmçinin Azərbaycan prezidenti və baş prokuror Zakir Qaralova işin prokurorluğun Bakıdakı şöbələrindən birinə verilməsini təmin etmək xahişi ilə müraciət edib.
Hələlik Ələsgərov Naxçıvandadır, onun həbsi və fiziki cəhətdən alçaldılması təhlükəsi realdır, vəkillər belə hesab edir.
Ələsgərovun Azərbaycanın keçmiş MTN rəhbəri Eldar Mahmudovla yaxın əlaqələrinə görə həbsi haqqında versiyaya toxunan vəkil qeyd edib ki, onlar arasında yalnız xidmət əlaqələri olub. Bundan başqa Ələsgərov bəzi məsələlərdə Mahmudovla münaqişə yaşayırdı, deyə vəkillər bildirib.
***
Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Ələsgərov işgəncələrə məruz qalıb. Bu barədə “Azadlıq”a Vəli Ələsgərovun vəkili Vüqar Xasayev bildirib. Vüqar Xasayevin sözlərinə görə, o, martın 14-dən Vəli Ələsgərovun vəkilidir. Lakin bu müddət ərzində müdafiə etdiyi şəxslə yalnız iki dəfə görüşə bilib.
Yerli rəhbərlik vəkilə müdafiə etdiyi şəxslə görüşməyə imkan vermir. Vəkil bildirib ki, Vəli Ələsgərova ondan imtina etmək üçün təzyiqlər edilib. “Lakin Vəli Ələsgərov məndən imtina etməyib. Mən hələ də onun vəkiliyəm. Baş verənlərlə bağlı Baş Prokurorluğa müraciət etmişəm. Lakin müraciətim araşdırılması üçün Naxçıvan prokurorluğuna göndərilib. Halbuki mənim şikayətim elə bu qurumdandır”, – deyə Vüqar Xasayev bildirib. Vəkil Vəli Ələsgərova qarşı irəli sürülən rəsmi ittihamı da açıqlayıb: “Vəli Ələsgərova qarşı Cinayət Məcəlləsinin 3 maddəsilə ittiham irəli sürülüb: 179.3.2 (dövlət məlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma). Müdafiə etdiyim şəxs bu ittihamları rədd edir. Digər tərəfdən bu ittihamları əsaslandıracaq hər hansı sübut yoxdur. Bu maddələr vəzifədən çıxarılan hər bir məmura qarşı irəli sürülə bilər. Yəni, növbətçi maddələrdir”.
Vüqar Xasayev bildirib ki, Vəli Ələsgərovun həbsinin əsl səbəbi “MTN işi” ilə bağlıdır: “Bu məsələ Eldar Mahmudovla əlaqəlidir. Halbuki Vəli Ələsgərovla Eldar Mahmudov arasında həmiş ziddiyyətlər olub. Sadəcə kimlərsə səhv məlumatlar veriblər”.
Vəkil daha sonra bildirib ki, Vəli Ələsgərov mütəmadi işgəncələrə məruz qalır: “Onu döyür və ləyaqətini alçaldan hərəkətlərə yol verilir”.
Vüqar Xasayevin sözlərinə görə, baş verənlər barədə aprelin 28-də keçiricəyi mətbuat konfransında daha ətraflı məlumat verəcək: “Işgəncələr barədə daha ətraflı mətbuat konfrasında danışacam. Onu da qeyd edim ki, müdafiə etdiyi şəxsin qohumlarına da ciddi təzyiqlər var. Onların demək olar ki, hamısı, hətta sürücü olanı da işdən çıxarılıb. Qardaşı isə vaxtaşırı hüquq-mühafizə orqanlarına aparılıb-gətirilir”.