Hadisə / Slayd (16-04-2016, 20:15)
HƏBSDƏKİ GENERAL DİRƏNİŞ GÖSTƏRİR! – Vəli Ələsgərovun istintaqından yeni şok məlumatlar
Sabiq MTN rəhbəri “yaddaş kartının” yerini demir; qardaşının obyektindən silah tapılıb
Ləğv olunmuş Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri, hazırda həbsdə olan general-leytenant Vəli Ələsgərovun istintaq işindən yeni məlumatlar var.
Mediatv.az xəbər verir ki, “AzPolitika.info”ya verilən məlumata görə, keçmiş nazirin istintaqçıları və Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları keçmiş nazirin əlində olan kompromat materialları əldə etmək üçün bütün güclərini səfərbər etsələr də, hələ ki, bir nəticə yoxdur.V.Ələsgərov Naxçıvan MR rəhbərliyinin izlənilməsi, gizli dinləmə və çəkilişlər, həmçinin digər vasitələrlə topladığı kompromat materialların, telefon danışıqları və videoçəkilişlərin saxlandığı “yaddaş kartı”nın yerini deməkdən imtina edir. Bu materialların bir nüsxəsinin Bakıya – Eldar Mahmudova ötürüldüyü istintaq yolu ilə sübut olunsa da, V.Ələsgərov belə bir fəaliyyətlə məşğul olduğunu və əlində Naxçıvan rəhbərliyinin əleyhinə kompromatlar olduğunu israrla danmaqda davam edir. Lakin istintaqçılar əmindirlər ki, V.Ələsgərov illərlə topladığı materialları “yaddaş kartı”na köçürüb və hardasa saxlayır.
Xatırladaq ki, V.Ələsgərov MR rəhbərini və onun ailə üzvlərini dinləməkdə, mütəmadi olaraq onlarla bağlı Bakıya – Eldar Mahmudova dosyelər ötürməkdə şübhəli bilinir. Bu məsələlər Eldar Mahmudovun MTN-dən uzaqlaşdırılmasından sonra üzə çıxıb. E.Mahmudovdan sonra V.Ələsgərov da işindən uzaqlaşdırılaraq nəzarət altına alınıb, bugünlərdə isə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sabiq nazirə qarşı rəsmi hansı ittihamların irəli sürüldüyü barədə ictimaiyyətə məlumat verilməyib.
V.Ələsgərov vəzifəsindən uzaqlaşdırılandan sonra onun biznes fəaliyyəti ilə məşğul olan qardaşı Əli Ələsgərova da cinayət işi açılıb. Son məlumatlara görə DTX əməkdaşlarının apardıqları axtarış zamanı Ə.Ələsgərova məxsus obyektdə seyfdən “Makarov” tipli silah tapılıb.