Hadisə (23-04-2016, 12:16)
Atletlər kəndi”ndəki müdhiş qəzada Eldar Mahmudova yönələn işarələr
Avtoqəzaya görə əvvəllər məhkumluğu olan sürücünü işə sabiq nazirin qohumu götürüb; məhkəmədə suçlu tərəf nələr söyləyib?
Mediatv.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Yada salaq ki, müdhiş qəzanın cinayət dosyesi 2016-cı ilin yanvarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Məhkəmə cinayət dosyesini işdə zərərçəkmiş şəxslərin ifadələrinin olmaması səbəbindən geri qaytarmışdı. Bir müddət əvvəl isə cinayət dosyesi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Sürücü Vəli Əhmədov baş vermiş qəzada özünü təqsirli bilib. H.Salamovla F.Əmiraslanov ittiham üzrə günahsız olduqlarını, E.Həsənov isə özünü qismən təqsirli bildiyini məhkəmənin diqqətinə çatdırıblar.
İttiham aktı elan ediləndən sonra ilkin olaraq Vəli Əhmədov ifadə verib. Deyib ki, qəza avtobusun əyləc sistemində baş verən nasazlıq üzündən olub. “Depodan çıxıb gedərkən sürdüyüm avtobus birdən sürət yığdı. Lakin əyləc işləmədi. Həmin vaxt halım pisləşdi, özümü itirdim. Bu zaman xarici vətəndaşlar olan atletləri vurdum. Hadisədən sonra gedib polis bölməsinə təslim oldum. Başqa şirkətdə işləyəndə də yol-nəqliyyat hadisəsi törətmişəm. Məhkəmə mənə şərti cəza verib. Lakin ”Bakubus" MMC-yə işə düzələn zaman bu haqda mənə heç kəs sual verməyib. Qəza törətdiyim avtobusu ilk dəfə idi ki, sürürdüm. Bundan əvvəl başqa avtobusu idarə etmişəm".
H.Salamov dindirilən zaman V.Əhmədovun adının siyahıya sonradan əlavə sürücü lazım olarkən qeyd edildiyini deyib: “Hətta, Vəli Əhmədov minik avtomobili sürmək üçün işə götürülüb. Bütün sürücüləri hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları yoxlayıblar. Mən öz üzərimdə olan bütün işlərin öhdəliklərindən lazımınca gəlmişəm”.
Proses aprelin 29-da davam etdiriləcək.
Yada salaq ki, bu xoşagəlməz olay baş verəndən sonra sürücü Vəli Əhmədovun əvvəllər qəsdən adam öldürməyə görə həbsdə olması haqda məlumatlar yayılmışdı. Bildirilirdi ki, onun barəsində məhkəmə tərəfindən 10 illik azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Bu müddətin bitməsinə 5 il qalmış V.Əhmədov məhkəmə qərarı ilə azad olunub. Həbs olunan V.Əhmədovun oğlu Orxan Əhmədov qəzadan sonra mətbuata açıqlama verərək demişdi ki, atasının qəzanı qəsdən törətməsi haqda məlumatlar yalandır. Atasının idarə etdiyi avtobusun əyləc sistemindəki problem üzündən belə bir qəza meydana gəlib.
Həmin açıqlamadan sitat: “Avtobusun əyləc sistemində problem olub və sürücü problemi aradan qaldırmağa çalışarkən diqqəti yoldan yayınıb. Sükanı yığışdırmaq mümkün olmadığından avtobusu saxlaya bilməyib və nəticədə qəza baş verib”.
Bəs necə olmuşdu ki, səriştəsiz sürücü belə bir mötəbər oyunlar zamanı sükan arxasına keçmişdi?
“Yeni Müsavat” bu mövzu haqda ən müxtəlif qaynaqlardan alınan xəbərləri dərc edib. Son dərəcə müdhiş bir olayın belə mötəbər bir tədbir zamanı meydana gəlməsini bir təsadüf hesab etmək olmaz. Bu məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı məlum olmuşdu ki, oyunlardan 2 ay əvvəl nəqliyyat naziri Ziya Məmmədov “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi olan qardaşı oğlu Rövşən Məmmədovu işdən çıxarıb və onun yerinə Elimxan Tarix oğlu Hacıyev təyinat alıb. Bu şəxs o dövrdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun yaxın qohumu, bibisi oğludur. Bu təyinata qədər E.Hacıyev Nəsimi Su Kanalizasiya İdarəsinin rəisi olub. Onun təyinatından sonra oyunlar zamanı sərnişin daşıyacaq avtobusların sürücülərinin seçilməsinə, onların avtobioqrafiyalarının yoxlanılmasına başlanıb. Sürücülərin təlim keçməsi üçün büdcədən 1 milyon manat vəsait ayrılıb. Vəli Əhmədovu işə götürən, onun bioqrafiyasının lazımi səviyyədə nəzərdən keçirilməməsinə görə cavabdeh əslində Elimxan Hacıyev olub. Bu gün E.Hacıyev təqsirləndirilən şəxslərlə eyni skamyanı bölüşdürmür. Eldar Mahmudovun bibisi oğlunun bioqrafiyasında avtoqəza olan Vəli Əhmədovu işə götürməsində hansı motivlərdən çıxış etməsi bilinmir.
Hələ oyunlardan xeyli əvvəldən artıq ləğv olunmuş MTN-in Nəqliyyat Nazirliyinə çox böyük təsirinin olması məlum idi. Sabiq nazir Eldar Mahmudovun oyunlardan əvvəl Z.Məmmədovun qardaşı oğlunu Nəqliyyat Nazirliyinə tabe olan bir MMC-nin rəhbərliyindən çıxarıb bibisi oğlunu ora yerləşdirə bilməsi buna sübutdur. Qəzada Eldar Mahmudovun izinin olması haqda iddialar da səslənməkdədir. Yada salaq ki, iyunun 11-də baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunurdu ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.
Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanmışdı.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024