Hadisə (1-04-2016, 15:20)
Əkrəm Həsənovdan prokurorluğa şikayət edilib
««VTB –Bank»ın məndən ölkə prokurorluğuna şikayət etməsi 1 aprel zarafatı deyil, həqiqətdir».
Mediatv.az xəbər verir ki, bunu «Antikollektor» MMC-nin rəhbəri Əkrəm Həsənov deyir.
Bir qədər öncə hüquqşünas ondan şikayət edilməsi ilə bağlı xəbəri öz Facebook səhifəsində paylaşmışdı.
Ə.Həsənov AzadlıqRadiosuna deyib ki, onlara müraciət edən şikayətçilərdən həmin bankdan narazı olanlar da var: «İstər sadə vətəndaşa, istər sahibkara kredit verilməsində bu bankla bağlı şikayətlər var. Bu mənada adını ən çox hallandırdığım banklardan biridir».
O, bank rəhbərliyinin baş prokurora şikayətinin təfərrüatına da toxunub: «Yazıblar ki, mən Rusiyaya qarşı çıxıram, millətlərarası ədavəti qızışdırıram. Mərkəzi Bank rəhbərliyini təhdid edirəm, kreditləri qaytarmamağa çağırıram. Biz və şəxsən mən kreditlərin qaytarılmamasını yox, bunun ədalətli ödənişini istəyirik. Bütün fəaliyyətimiz də buna yönəlib. Bir də ki, məndən şikayəti varsa, prokurorluğa niyə yazır? Versin məhkəməyə, orada üz-üzə gələk. Kimin haqlı, kimin haqsız olması da məhkəmədə üzə çıxsın».
Ə. Həsənov deyib ki, o nə olursa olsun, öz işini dayandıran deyil.
«Antikollektor» MMC-nin rəhbəri bir qədər əvvəl isə bildirmişdi ki, 100-ə qədər vətəndaşın banklarla bağlı şikayətlərinə baxıblar. 30-dan çox vətəndaşla isə məhkəməyə baş vurulması üçün müqavilə imzalanıb.
Ölkədə borclu vətəndaşa yardım göstərməyi hədəf seçən ilk antikollektor şirkətinə münasibət əvvəllər də birmənalı olmayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı hələ martın 3-də Milli Məclisdə antikollektorların fəaliyyətini kəskin tənqid etmişdi. O, antikollektorların yardımçı deyil, insanlara bank borclarını qaytarmamağın yollarını öyrədən bir qurum olduğunu deyərək, sözünü belə bitirmişdi: «Mən qayıdanda, o şirkətlə məşğul olacağam».