Hadisə (18-03-2016, 19:13)
Qulu Məhərrəmlinin həbs təhlükəsi artır
AzTV sədri Arif Alışanovun tanınmış jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında şikayəti bu gün Nəsimi rayon Məhkəməsinin qərardadı ilə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.
Mediatv.az xəbər verir ki, Televiziya mütəxəssisinin tənqidi fikirlərini böhtan kimi qiymətləndirən şikayətçi məhkəmədən professor Q.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsulliyətə cəlb olunmasını istəyib. Həmin maddələrdə digər cəzalarla yanaşı, azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.
Bu barədə Modern.az saytına hüquqşünas Nicat Gözəlov məlumat verib. O, əlavə edib ki, hüquq ekspertlərinin ümumi rəyinə görə, A.Alışanovun irəli sürdüyü ittihamlar tamamilə əsassızdır, Q.Məhərrəmlinin cinayət və ya mülki məsuliyyətə cəlb olunması üçün hüquqi zəmin yoxdur. Bəs “Q.Məhərrəmlinin ona qarşı total böhtan kampaniyası aparanlara məhkəmə iddiası qaldırması mümkündürmü” sualına cavabında hüquqşünas deyib ki, bəzi KİV-lərdə çap olunan materiallarda, xüsusən də AzTV-nin dövlətin resursları hesabına çəkib sosial şəbəkələrdə yaydığı 2 saat 44 dəqiqəlik videoyazıda Q.Məhərrəmli barəsində xeyli böhtan və təhqirlərə yol verilib.
“Həmin videoda Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan əməllərin əlamətləri daha qabarıq şəkildə görünür. Bu çıxışlarda böhtana, şərəf və ləyaqəti alçaldan ifadələrə yol vermiş şəxslər, o cümlədən F.Orucov, R.Rəcəbov, S.Aslanov, E.Orucov, Ş.Əhmədov və başqaları barəsində təhlil materialları qruplaşdırılaraq Qulu müəllimə təqdim edilib. Göstərilən şəxslərdən konkret kimlərin mülki və ya xüsusi ittiham qaydasında məhkəməyə veriləcəyi barədə qərarı da professor özü qəbul edəcək”,- deyə N.Gözəlov bildirib.