Hadisə (3-03-2016, 11:52)
16 nəfərin ölümü ilə "MTN işi" arasında əlaqə
Yanan binaya görə həbs edilən şirkət rəhbərinin istintaqa ilginc faktlar açıqladığı barədə iddialar var
Mediatv.az: Hələ bir müddət əvvəl məlumat yaymışdıq ki, “MTN işi”lə 2015-ci ilin mayında Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğın arasında əlaqə var. Məlumatda deyilirdi ki, yanğınla bağlı istintaq yekunlaşıb məhkəməyə göndərilməli olsa da, “MTN işi”nə görə bu məsələ saxlanılıb. Xatırladaq ki, Abid Şərifov hadisədən təxminən iki ay sonra bildirmişdi ki, istintaq 10 günə yekunlaşacaq.
Iddia olunur ki, yanğın hadisəsinin “kredit qalmaqalı” ilə bağlı eyni vaxta təsadüf etməsi hakimiyyətin zirvəsində şübhələrə səbəb olub. Ona görə də istintaqın hərtərəfli aparılması, bütün versiyaların, şübhələrin yoxlanılması tapşırılıb. “MTN işi” isə bu məsələyə diqqəti daha da artırıb. Iddia olunur ki, baş verənlərdə MTN-dəki şəbəkənin rolu olub-olmadığı ciddi şəkildə araşdırılır.
Dünən bununla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Iddialara görə, yanğın hadisəsinə görə həbs edilən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov istintaqa ifadəsində MTN-lə bağlı da hansısa faktlar açıqlayıb. Bizdə Miryusif Mahmudovun konkret hansı faktları açıqladığı barədə dəqiq bilgi yoxdur. Lakin o bəllidir ki, həbsdə olan iş adamı yanğınla “MTN işi” arasında əlaqəyə dair bəzi ilginc detalları açıqlayıb.
Azadlıq.info