Gündəm (21-10-2016, 13:37)
"Bank rəhbərlərinin hamısı milyonerdir" - Parlamentdə gərgin müzakirə
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bank sektorundakı problemlər müzakirə olunub.
Mediatv.az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, millət vəkili Vahid Əhmədov çıxışında bildirib ki, bağlanmış banklar əmanətini geri götürmək istəyən insanları incidir.
Deputat bank sektorunda ciddi problemlərin olduğunu deyib: “Bu məsələ ilə bağlı vətəndaşlar bizə çoxsaylı şikayət edirlər. İndi vətəndaşların bizə əlləri çatır, ona görə də dərdlərini bizə deyirlər. Biz bankların bağlanmasının tərəfdarı deyilik, ankların konsolidasiyasının, təmərküzləşməsinin tərədarıyıq. Hər dəfə banklar bağlananda insanlar ciddi əziyyət çəkirlər”.
Millət vəkili, həmçinin qeyd edib ki, banklar bağlanan kimi insanlar pis günə qalır: “Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. İnsanlarla bu cür davranmaq olmaz. Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Bank bağlansa belə, veclərinə deyil. Olan yenə sadə vətəndaşlara olur. Hər bankın arxasında müyyən insanlar dayanır. Amma belə də olmaz axı”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının 8 aydır fəaliyyət göstərdiyini xatırladan V. Əhmədov qeyd edib ki, qurum bu müddət ərzində çox ciddi işlər görüb: "Bankların çox ciddi sağlamlaşdırılması işləri həyata keçirilib. Azərbaycan iqtisadiyyatının onurğasını təşkil edən bank sistemini sağlamlaşdırmaq lazımdır. Biz bankların bağlanmasının yox, təmərküzləşdirilməsinin tərəfdarıyıq. Əgər banklar birləşmək istəmirlərsə, onlarla danışıq aparılmalıdır".
Millət vəkili Əli Məsimli isə bildirib ki, banklar insanlara zülm edir: "Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir".
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə bu fikirlərlə razılaşmayıb: "Devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47%-ni təşkil edirdi. Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin. O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur".
R. Aslanlı bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını vurğulayıb: "2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir. Bir problemin digər problemlə birləşdirilməsi bir böyük problemin yaranmasına səbəb olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq qalır".