Gündəm (18-10-2016, 23:17)
Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib? – TARİX
“Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək olardı. Əlbəttə, bu məsələni güc yolu ilə yoluna qoymaq imkanı da vardı. Ancaq bu mənim seçə biləcəyim yol deyildi. Qanlı toqquşmalara yol vermək olmazdı. Ondan sonra normal münasibətlər qurmaq çox çətin, hətta mümkünsüz olur. Mən problemin güc yolu ilə həll edilməsi planını qətiyyən dəstəkləmirdim”.
Mediatv.az: Strateq.az bildirir ki, bu sözləri Azərbaycana rəhbərlik etmiş, Kommunist Partiyasının sabiq 1-ci katibi Əbdürrəhman Vəzirov yazdığı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabında qeyd edib.
Özünün rəhbər təyinatı barədə yazan Vəzirov bildirir ki, o, Azərbaycanda pis vəziyyətdə olan sosial- iqtisadi həyatla yanaşı ölkəni kəskin şəkildə laxladan faciəvi Qarabağ münaqişəsi ilə üz-üzə qalıb.
“Mən, güzəşt tanımayan beynəmliləlçi öz karyeramın ən pik nöqtəsində millətçilik dalğası ilə toqquşdum. Mən həmişə milli mentalitetə hörmət göstərilməsinin tərəfdarı olmuşam. Ancaq mağara millətçiliyinin qəti əleyhdarı olmuşam”- deyə Ə. Vəzirov bildirib.
Daha sonra Dağlıq Qarabağda separatçı hərəkatın baş qaldırmasının səbəbləri barədə yazan sabiq ölkə başçısı qeyd edir ki, “SSRİ-də konstitusiya yolu ilə həll olunmuş bu məsələ” separatçıların və onların himayədarlarının səyi ilə millətlərarası münaqişə müstəvisinə çıxarılıdı.
“Sovet sisteminin əsasını sarsıtmağa çalışan qüvvələr var gücü ilə belə münaqişələri alovlandırır, insanlar arasında inamsızlıq səpirdilər”-deyə o vurğulayıb.
Ə. Vəzirov daha sonra yazır ki, Azərbaycanda milli birliyin olmaması separatçılara qarşı mübarizə imkanlarını zəiflədirdi. “Bakıda işlədiyim ilk günlərdə mən bütün qüvvəmlə Qarabağ probleminin sülh yolu ilə həll olunmasına çalışırdım. Amma münaqişədən öz xəbis məqsədləri üçün istifadə etməyə çalışanlar bu yeganə düzgün prosesə ciddi müqavmət göstərirdilər. Mənim prinsipial mövqeyim isə belə idi: Qan tökülmədən, vətəndaşlar həlak olmadan problemi həll etmək!”
Ə.Vəzirov kitabında Qarabağ probleminin alovlanmasının ABŞ dairələri üçün də maraqlı olduğuna işarə vurub. Ə. Vəzirov bildirib ki, Qarabağ probleminin ən qaynar vaxtında -1989-cu ilin noyabrında ABŞ-ın SSRİ-dəki səfiri Cek Metlok Bakıya gələrək onunla görüşüb.
“Amerikalılar bizim ölkəmizdə baş verənləri çox diqqətlə izləyirdilər”- deyə Vəzirov yazıb.
Cek Metlok özünün 1995-ci ildə yazdığı “İmperiyanın ölümü: Amerika səfirinin SSRİ-nin süqutuna baxışı” adlı kitabında Bakıya səfəri barədə yazıb.
Metlok qeyd edir ki, səmimi və diqqəti özünə çəkməyi bacaran Ə. Vəzirov ola bilsin ki, Qarabağ məsələsindən çıxış yolu tapa bilərdi. “Lakin onun fəaliyyət azadlığı yox idi. O, Moskvanın laqeyd passivliyindən və “evində” qaynayan siyasi ehtirasların üzündən küncə sıxılmış halda idi”.
Ə. Vəzirov görüş zamanı ABŞ səfirinə deyib ki, Ermənistandan qovulan azərbaycanlılara qayıtmaq üçün kömək etmək lazımdır. Ancaq bunun o zaman mənası olar ki, ermənilər Dağlıq Qarabağa olan bütün iddialarından əl çəksin. Daha sonra Vəzirov səfirə deyib ki, ermənilərin ərazi iddiaları Azərbaycan cəmiyyətini qəzəbləndirir və respublikalar arasında de-fakto müharibəyə aparıb çıxaracaq.
“Vaxtında getmək milli lider üçün əsas məsələdir. Nə gec, nə tez – vaxtında… Mən Azərbaycana ölkənin taleyüklü dəqiqələrində gəldim. Artıq cin şüşədən çıxmışdı, “pandora yeşiyi” açılmışdı. Sovet İttifaqının dağılmasının əsası qoyulmuşdu”.
SSRİ-nin fövqaladə və səlahiyyətli səfiri Əbdürrəhman Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb.
Ə.Vəzirov sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra vəzifəsini tərk edərək Moskvaya gedib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. Hal-hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.