Gündəm (4-10-2016, 09:30)
“ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” – Dövlət Departamenti
Bu ilin mart ayında ABŞ dövlət katibi Con Kerrinin verdiyi bəyanatda ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Mediatv.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin press-brifinqində Dövlət Departamentinin nümayəndəsi E.Trudodan Con Kerrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə açıqlama verərkən bu barədə bildirib.
O vurğulayıb ki, ABŞ-ın mövqeyi ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Ceyms Uorlikin çıxışında (2014-cü il mayın 7-si) yer alıb. Bu çıxışda qeyd olunub ki, münaqişənin nizama salınması üçün Ermənistan ordusu keçmiş Dağlıq Qarabağın işğal edilmiş ətraf rayonlardan çıxarılmalı, məcburi köçkünlərin öz yerlərinə qayıtmaları üçün şərait yaradılmalı, Dağlıq Qarabağa müvəqqəti status verilməli və bundan sonra gələcəkdə regionun statusu müəyyən edilməlidir. Çünki Azərbaycanın mövqeyi yuxarıda qeyd edilənlərlə ziddiyyət təşkil etmir, ABŞ-ın mövqeyi və Minsk prosesi ilə üst-üstə düşür, Ermənistan isə öz ordusunu işğal edilmiş ərazilərdən çıxarmaqdan imtina edir, – deyə o, ABŞ xarici siyasət idarəsinin bəyanatına aydınlıq gətirilməsini xahiş edib.
E.Trudo qeyd edib ki, o, dövlət katibinin sözlərini təhlil edə bilməz, lakin bir daha bəyan edir ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara əsaslanan münaqişənin nizama salınması prosesini dəstəkləyir. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: “Biz tərəflərlə fəal işləməyi davam etdiririk, çünki ATƏT-in Minsk qrupunun həmsədriyik”.
O deyib ki, münaqişə üzrə uzunmüddətli mövqe, Minsk qrupunun həmsədri kimi, Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmə kimi prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır.
E.Trudo dövlət katibinin bəyanatına dair qeyd edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin liderlərinin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələrinin vacibliyini bir daha vurğulayıb.
Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində oyuncaq rejimi yaradılıb. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır. /AzərTAC