Gündəm (11-05-2016, 09:52)
ABŞ-dan Ermənistana sarsıdıcı zərbə - "İşğal olunmuş ərazilər Azərbaycana qaytarılacaq"
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Mediatv.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçisi Piter Svedberq və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinə birbaşa məsul olan nümayəndəsi Tomas Lenk keçirəcəklər.
2-5 aprel tarixlərində Azərbaycan ordusu tərəfindən zərbələrə məruz qalan düşmən ölkə Rusiyadan alınan yeni silah-sursata, həmçinin Moskvanın himayəsinə arxayın olaraq Azərbaycanı hədələməyə cəsarət edir. Bir neçə gün əvvələdək vəziyyətin ağırlığından, dünyanın dəstəyindən məhrum olmalarından şikayətlənib vay-şivən qoparan ermənilər indi Azərbaycanı atom bombası ilə qorxutmaq istəyir. Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan açıq şəkildə bildirib ki. Ermənistanın nüvə silahı var və onu “Ermənistanın iki qonşusunun sonrakı hücumlarından və təcavüzündən müdafiəsi üçün yeganə vasitə” adlandırıb.
Aprel döyüşlərindən sonra müşahidə olunan vəziyyətin gərginliyi, hər an böyük savaşın başlanacağı 2-3 ay əvvəllə müqayisədə daha inandırıcı görünür. Səslənən bəyanatlar da bunu təsdiqləyir. “Moldovadakı Dnestryanı münaqişədə 1992-ci ildən atəşkəsə əməl edilsə də, eyni sözü Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi barədə deyə bilmərik”. Bu barədə ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin məruzəçisi Marqarita Cederfeltin “Neweurope” portalındakı “Qaçqın böhranı ilə mübarizə aparmaq müfəssəl təhlükəsizlik yanaşması tələb edir” başlıqlı yazısında deyilir (APA). Yazıda bildirilir ki, Qarabağ münaqişəsi zonasında hərbi eskalasiyanın artması “dondurulmuş” adlandırılan münaqişələrin heç də dondurulmuş olmadığını və hərbi toqquşmaların hər an baş qaldıra biləcəyini göstərib. Cederfelt qeyd edib ki, ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyasında bu məsələlər müzakirə ediləcək.
Bu arada Ermənistan parlamenti özünün 10 maya təyin etdiyi fövqəladə sessiyasının gündəliyindən Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınması məsələsini çıxarıb. Azərbaycana qarşı təhdid vasitəsinə çevirmək istədikləri bu layihə əslində işğalçı ölkənin əleyhinə işlədi. ABŞ-ın son günlər sərgilədiyi mövqe Ermənistan üçün soyuq duş təsiri bağışlayır. Rusiyanın ardınca ABŞ da bəyan edib ki, Qarabağın müstəqilliyindən söhbət gedə bilməz.
“İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılacaq. Heç bir ölkə Dağlıq Qarabağı tanımır”. Bunu virtualaz.org-a ABŞ-ın Azərbaycandakı səfirliyindən Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıya bilməsi məsələsinə münasibət bildirərkən deyiblər. Səfirlikdən bildiriblər ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir. “Münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün biz tərəfləri xoş məram göstərməyə və danışıqlar masası arxasına oturmağa çağırmaqda davam edirik”, - deyə səfirlikdən vurğulayıblar.
Ermənistan rəhbərliyi ölkəsini dalana soxduğu bir situasiyada savaş ritorikasını körükləməklə, üstəlik, erməni xalqının və ordusunun “qəhrəmanlığı” haqqında nağıllar uydurmaqla vəziyyəti öz xeyrinə dəyişmək, 2018-ci ilədək postunda qalmaq istəyir. Ancaq Azərbaycan dəfələrlə bəyan edib ki, onun səbri tükənməz deyil və işğalı ərazilərimizi şərtsiz tərk etməlidir.
Azərbaycan ərazilərini işğalda saxlayan düşmən tərəf isə bizimlə dolma müharibəsi aparır, üstəlik, səngər qazıntısı zamanı tapılan tarixi abidələrimizi “erməni xalqının nümunələri” kimi təqdim etməklə beynəlxalq rəyi çaşdırmağa yönəlik mənasız cəhdlər edir.
Rusiya yaxın ərəfədə danışıqlara start veriləcəyinin anonsunu versə də, hələlik start günü barədə müfəssəl məlumat yoxdur. Masa üzərinə hansı sənədin qoyulacağı da sual doğurur. Məsələ burasındadır ki, Bakı danışıqların davamına etiraz etməsə də, düşmənin aqressiyasının qarşılığında daha sərt mövqedən çıxış etməyə haqlı olaraq üstünlük verir. Qarşıdan isə 1994-cü ildə imzalanmış atəşkəs haqqında razılaşmanın 22-ci ildönümü gəlir. Bundan sonra hansı hadisələrin cərəyan edəcəyi suallar doğurur. Bəzi müşahidəçilər müharibənin “Formula 1" yarışlarından sonra başlaya biləcəyini ehtimal edir. Ola bilsin, Rusiya da məhz danışıqları həmin ərəfədə təzələmək, bununla erməniləri gərginlikdən sığortalamaq istəyir. Bundan əvvəlki danışıqlarda hansı sənədlərin masa üzərinə qoyulduğu, hansının Azərbaycan üçün daha məqbul olduğunu araşdırdıq.
Politoloq Arzu Nağıyevin sözlərinə görə, müxtəlif illərdə qəbul edilən bu sənədlərin arasında prinsipcə elə də ciddi fərq olmayıb: “Sadəcə olaraq, bəzi detallarda dəyişikliklər edilib. Belə ki, Laçın dəhlizi, Kəlbəcər keçidi, Mehri yolu və s. kimi detallar yenidən işlənib. Təbii ki, Rusiyanın sülhməramlı qüvvələri məsələsi də danışıqlar predmeti olub və qəbul edilməyib. Bundan başqa, əsas məsələ təbii ki, regionda nüfuz məsələsi olub. Yəni Paris, Ki-Uest, Madrid prinsiplərində əsas prioritet Qərbdə idisə, Kazan prinsipində Rusiyanın adı daha çox hallanır. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyüdür. Qərb əvvəllər hər bir millətin öz müqəddəratını həll etmək hüququ olduğunu qabardaraq müstəqilliyi ikinci plana çəkirdi. Lakin Avropada baş verən proseslər və separat meylli təkliflər artıq onları da düşünməyə vadar edir ki, ilk öncə suverenliyin bərpasının vacibliyi vurğulanmalı, sonradan müqəddərat məsələsinə, ən yüksək status məsələsinə qayıdılmalıdır”.
Ekspert hesab edir ki, hazırda Azərbaycanı razı sala biləcək variant da budur: “Ərazi bütövlüyümüzün tam təmin edilməsindən sonra digər məsələlərə, o cümlədən Dağlıq Qarabağın status məsələsinə qayıtmaq lazımdır. Minsk Qrupu ancaq sülhdən danışır. Sülh artıq hər gün atəşkəsin pozulması ilə müşayiət olunur, itkilər var. Danışıqlara masasına boş yerə əyləşməyin artıq faydası yoxdur. Çünki bu, erməni rəhbərliyini qane edir, status-kvo saxlanılır, problem öz həllini tapmır, hakimiyyət isə bununla manipulyasiya etməklə xalqı nəzarətdə saxlayır. Təbii ki, bu da effekt vermir. Son aprel hadisələri bir daha göstərdi ki, güc nümayiş etdirməklə Ermənistan rəhbərliyini danışıqlar masasına əyləşməyə məcbur etmək lazımdır. Düşünürəm ki, Azərbaycan üçün normal formul işğal olunmuş rayonların boşaldılması, qaçqınların öz yerlərinə qaytarılması, status məsələsi üçün referendum və ya hansısa formada sorğunun keçirilməsi, son anda da BMT-nin və ya ATƏT-in mandatına uyğun olaraq sülhməramlı qüvvələrin yerləşdirilməsindən ibarət ola bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, 22 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xeyli həll planı irəli sürülüb: “1990-cı illərin ortalarında ”mərhələli həll planı", daha sonra “paket həll planı” irəli sürüldü. Üçüncü bir həll planı da var idi: “Ümumi dövlət prinsipi”. Azərbaycan hakimiyyəti “mərhələli həll planı”na razılaşdı. Çünki bu plana görə ilkin addım kimi işğal altındakı torpaqlar boşaldılmalı, qaçqınlar geri qayıtmalı və yalnız bundan sonra Dağlıq Qarabağın statusunu müəyyənləşdirən danışıqlar başlamalı idi. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da sonda bu planı qəbul etməyə hazır olduğunu bildirdi. Ancaq Rusiyadakı siyasi və hərbi dairələrin dəstəyi ilə Levon Ter-Petrosyan hakimiyyətdən devrildi". Politoloq qeyd etdi ki, o illərdə Rusiya-Azərbaycan münasibətləri soyuq idi: “Moskva Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru xətti ilə Türkiyə üzərindən Avropa bazarlarına daşınmasını istəmirdi. Ona görə də Moskvada düşündülər ki, Dağlıq Qarabağ problemi həll olunsa, bu, Azərbaycanın bölgədəki mövqelərini gücləndirəcək, Qərbin Cənubi Qafqazda rolu artacaq və Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayacaq. Ona görə də Rusiyadakı dairələrin dəstəyi ilə Ermənistanın hazırkı və keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryan Levon Ter-Petrosyanı hakimiyyətdən devirdilər. Sonrakı illərdə irəli sürülən Dağlıq Qarabağ münaqişəsinin ”paket həll planı"na isə Azərbaycan razılaşmadı. Çünki bu planda rayonların işğaldan azad olunması Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə eyni vaxtda müəyyənləşdirilməli idi. “Ümumi dövlət” prinsipi də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırdı. Daha sonra həll planları müxtəlif şəhərlərin adı ilə hallanmağa başladı. Əgər Azərbaycan prezidentləri Parisdə görüşürdülərsə və Fransa prezidenti həll planı irəli sürürdüsə, buna “Paris planı” və ya prezidentlər Kazanda görüşüb, onlara yeni plan təqdim edilirdisə, buna da “Kazan planı” adı verilirdi".
E.Şahinoğlu dedi ki, 2001-ci il daha yaddaqalan olub: “Ona görə ki, bu ildə Azərbaycan və Ermənistan prezidentləri əvvəlcə Parisdə, bir ay sonra isə ABŞ-ın Ki-Uest şəhərciyində görüşdülər. Əvvəlcə Fransa prezidenti Jak Şirak təşəbbüsü ələ aldı və Parisdə Azərbaycan və Ermənistan prezidentlərinə ”həll planı" təklif etdi. Daha sonra Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərini Ki-Uestə dəvət etdi. Burada da bir neçə gün danışıqlar aparıldı. Ancaq hər iki görüşdən nəticə çıxmadı. Çünki bu planlarda da konkretlik yox idi. Daha sonra təşəbbüs Rusiya hakimiyyətinə keçdi. 2011-ci ildə Rusiyanın Kazan şəhərində prezidentlərin görüşü keçirildi. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xeyli fəallıq göstərdi, prezident olduğu müddətdə 10 dəfə Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirdi. Bu görüşlərin kulminasiya nöqtəsi Kazanda oldu. Medvedyev Kazanda prezidentlərə konkret “həll planı” təqdim etdi. Bu planda bütün müddəalar Azərbaycanın maraqlarına uyğun idi. Çünki bu plana görə erməni separatçıları işğal etdikləri bütün əraziləri boşaltmalı idilər. Ancaq statusun müəyyənləşməsini göstərən mexanizm “Kazan prinsipləri”nin kağız üzərində qalmasına şərait yaratdı".
E.Şahinoğlunun sözlərinə görə, əslində “Kazan prinsipləri” ilə “Madrid planı” - ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında irəli sürülən prinsiplər və ya “Genişləndirilmiş Madrid planı” arasında böyük fərq yoxdur: “Bu planlarda da 5 rayonun - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının qısa zamanda, 2 rayonun - Kəlbəcər və Laçının bir müddət sonra boşaldılması nəzərdə tutulur. Son illərdə irəli sürülən həll planlarında məsələni mürəkkəbləşdirən yenə statusdur. Ermənistan hakimiyyəti istənilən sənəddə statusun müəyyənləşdirilməsini nəzərdə tutan referendum tarixinin göstərilməsini istəyir. Bu prinsipə isə Azərbaycan razılaşa bilməz. Rəsmi Bakı statusun müəyyənləşməsinin əleyhinə deyil. Ancaq bundan əvvəl rayonlar boşaldılmalı, qaçqınlar geri dönməli, kommunikasiya xətləri açılmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməsi, məhz bu addımlar atılandan sonra Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla ermənilər arasında müzakirələr başlamalıdır. İrəvan isə bu modelə razılaşmır. Ona görə də 22 ildir danışıqlar nəticə vermir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024