Gündəm (15-04-2016, 12:32)
Komitə sədri mətbuatı "topa tutdu" - Milli Məclisdə müzakirələr
Milli Məclisin iclası öz işinə başlayıb.
Mediatv.az Modern.az-a istinadən xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan mətbuatında həqiqətə uyğun olmayan məlumatların getməsi haqqında danışıb. O bildirib ki, bir sıra mətbuat orqanları və saytlar dövlətin apardığı siyasət, deputatlar, Milli Məclis barədə həqiqətə uyğun olmayan məlumatlar yayır.
“Beynəlxalq aləmdə cənab prezidentin apardığı siyasətinin nəticəsində cəbhədə baş verən hadisələrdən sonra dünya ölkələrindən Azərbaycana dəstək gəlir. İslam Konfransında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ölkə başçısının apardığı siyasətin nəticəsidir.
Təəssüflər olsun ki, ayrı-ayrı saytlarda dövlətin apardığı siyasət, Milli Məclis barədə həqiqətə uyğun olmayan yazılar gedir və bu düşmən dəyirmanına su tökən qüvvələrin işidir. ABŞ Dövlət Departamenti Azərbaycan haqqında yaxşı şeylər deyir.
Müəyyən qüvvələr nəsə deyirsə onu başlığa çıxarmaq, ayrı-ayrı qüvvələrin fikirlərinin dövlətin adına yazmaq qərəzli insanların işidir”.
O qeyd edib ki, təmas xəttində baş verən hadisələrdən sonra deputatlar fəal olublar, münasibətlərini bildiriblər və şəhidlərin törənində yaxından iştirak ediblər.
“Bununla bağlı üzdən iraq qüvvələr buna kölgə salmaq istəyir. Düşünürəm ki, bu mətbuat orqanları ilə bağlı işlər görməlidir”.
Spiker Oqtay Əsədov bildirib ki, ABŞ-ın bir neçə qəzetində Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasəti ilə bağlı yazılar gedib.
“Bunlar haqqında saytlarda yazı görmədim, amma onlar Qarabağ haqqında Ermənistanın yazdığı məlumatları başlığa çxıarır”.