Gündəm (7-04-2016, 09:39)
"Bizim təkliflərimiz var" - Lavrov Bakıdan səsləndi
"Həqiqətən, səfər Sizin Rusiya və İran prezidentləri ilə razılaşmanızın nəticəsidir. Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format Sizin haqlı olaraq dediyiniz kimi, bir çox nöqteyi-nəzərdən daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, üç ölkənin, həmçinin bizim digər qonşularımızın ərazilərindən terrorçuların təchizatı marşrutları, yaraqlıların trafiki keçir. Bu təzahürlərin qarşısının kollektiv əsaslarla alınması üçün qarşılıqlı fəaliyyətin qurulması zəruridir".
Mediatv.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə deyib.
"Bundan başqa, nəqliyyat marşrutları, iqtisadi əlaqələrin inkişafı, energetika sahəsində qarşılıqlı fəaliyyət baxımından bizim geostrateji, geosiyasi vəziyyətimizdən istifadə etməkdə ümumi maraqlarımız var. Bu məsələlər müxtəlif formatlarda, lakin pərakəndə şəkildə müzakirə olunmuşdu. Ümidvaram ki, Sizin Prezident Putin və Prezident Ruhani ilə razılaşmanızı rəhbər tutaraq biz sabah nazirliklərə bölmələr üzrə daha dəqiq müvafiq nəqliyyat və energetika layihələrinin gerçəkləşməsi üzərində işləməyə imkan verən siyasi çərçivə yarada biləcəyik. Sözsüz ki, bizim ikitərəfli münasibətlərimiz, strateji tərəfdaşlığımız da nəzərdən keçiriləcək. Mənim sabah öz həmkarımla ayrıca görüşüm nəzərdə tutulub.
Biz ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Sizin onunla əldə etdiyiniz prinsipial razılaşmaları rəhbər tutacağıq. Yeri gəlmişkən, o, Sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, Siz Rusiyaya səfərə dəvət olunmusunuz. Sözsüz ki, bu, bizim xarici siyasətin ən dəyərli istiqamətidir. Həmçinin elə gətirdi ki, həm Ermənistan, həm Azərbaycan üçün yaxın, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi əvvəllər də, indi də məşğul olduğumuz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Sizin qeyd etdiyiniz şəraitə görə ciddi çağırışla qarşılaşdı. Uzun illər ərzində yəqin ki, bu, ən irimiqyaslı döyüş əməliyyatlarıdır", - XİN başçısı əlavə edib.
Lavrov Rusiya Federasiyasının ünvanına dediyi xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkür edib. "Həqiqətən biz - həm Prezident, həm Baş nazir, həm bizim nazirlik, əlbəttə ki, Müdafiə Nazirliyi və Baş Qərargah səviyyəsində tərəflərə atəşkəs barədə razılıq əldə edilməsi üçün zəruri olan bütün addımları atdıq. Bu razılaşmanın pozulmamasına dəstək verməyə hazır olacağıq.
Əlbəttə ki, İlham Heydər oğlu, Sizin dediyiniz kimi, bu konkret məsələdə vəziyyəti sabitləşdirmək vacibdir. Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik.
Biz indi həmsədrlərin göstərdikləri təşəbbüsləri tamamilə dəstəkləyirik. Onlar Bakıya səfər etdilər, sabah təmas xəttində, birigün isə İrəvanda olacaqlar. ATƏT-in, əlbəttə ki, təkcə ATƏT-in yox, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə ən yaxın vaxtlarda hansısa etimad tədbirləri görmək və siyasi prosesin bərpası üçün zəruri şərait yaratmaq vacibdir. Bu qəbula görə çox sağ olun. Bir daha bu səfərin gedişində məhsuldar danışıqlara ümid bəsləyirəm", - Lavrov bildirib.