Gündəm (3-04-2016, 16:13)
“Ermənistanın KTMT ilə münasibətləri Azərbaycanı narahat etmir” – Əli Həsənov
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri Azərbaycanı narahat etmir və bizə o qədər də adiyyəti yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında müharibədən yox, Azərbaycnaın işğal altında olan ərazilərindəki erməni silahlı qüvvələrinə cavab tədbirlərindən gedir”.
Mediatv.az xəbər verir ki, bunu “Sputnik”ə eksklüziv müsahibəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O daha sonra bildirib: “Biz Azərbaycan olaraq Ermənistana hücum etməyə hazırlaşmırıq. Biz Ermənistanın milli təhlükəsizliyini təhdid etmirik, sadəcə olaraq onun işğal etdiyi torpaqlarımızın azad olunmasına çalışırıq.
Ermənilərin işğal altındakı ərazilərimizdəki qoşunları Azərbaycanın dinc sakinlər yaşayan ərazilərini təhdid etdi və biz onlara layiqli cavab verdik. Ona görə də KTMT Azərbaycanın işğal altında olan ərazilərindəki erməni qoşunlarını müdafiə etmək üçün heç bir hüquqi əsası yoxdur. KTMT müdafiə təşkilatıdır və üzv ölkələrindən heç birinin başqalarına qarşı işğalçı siyasətini təqdir etmir”.