Gündəm (23-02-2016, 15:16)
"Bir çox məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür" - İlham Əliyev
İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə sizə öz minnətdarlığımı bildirirəm. Yenidən qardaş İran torpağında olmağımdan çox məmnunam.
Mediatv.az bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfəri zamanı deyib.
Dövlət başçısı deyib: "Fürsətdən istifadə edərək bir daha İrana qarşı qoyulmuş sanksiyaların aradan qaldırılması münasibətilə sizi və bütün İran xalqını təbrik edirəm. Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və həmişə öz sözünü bütün yüksək səviyyədən ifadə edib. Cənab prezident, siz müzakirə etdiyimiz bütün məsələləri çox geniş mətbuat nümayəndələrinə çatdırdınız. Doğrudan da, bu gün bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və fikir birliyi ifadə olundu. Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daima dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri var. Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".
Prezident İlham Əliyev sonra qeyd edib: "Bu gün eyni zamanda regional məsələlər müzakirə edildi. Dünən elan olundu ki, Amerika Birləşmiş Ştatları və Rusiya Suriyada müharibənin dayandırılması haqqında qərara gəliblər. Biz bu razılaşmanı alqışlayırıq. Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə atəşkəs yaradılmalıdır, bundan sonra sülh bağlanmalıdır. Suriya xalqı öz gələcəyini, taleyini özü müəyyən etməlidir. Bir də qeyd etmək istəyirəm ki, bu gün söhbət əsnasında bir çox məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür".