Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-06-2015, 13:55)
“İRŞAD TELEKOM”, YOXSA “KEFKOM” MMC?

 

Diqqət! Bu yazıda söylənilən müsibətlə rastlaşmaq istəmirsinizsə, “İrşad Telekom”un satış mağazalarından telefon almayın... 
Mobil telefonların satışı ilə məşğul olan “İrşad Telekom” MMC-ni yəqin ki, tanıtmağa ehtiyac yoxdur. Müəssisə özü-özünü kifayət qədər reklam edib. Televiziya və radio dalğalarında, internet və qəzet səhifələrində “İrşad Telekom” MMC-nin reklamına rast gəlmək olar. Adətən el arasında belə bir deyim var ki, yaxşı malı reklam etməyə ehtiyac yoxdur. Çünki yaxşı və keyfiyyətli mal özünə müştəri tapır və necə deyərlər, özü-özünü reklam edir. Görünür, doğrudan da bu deyimdə bir həqiqət var. Çünki son vaxtlar “İrşad Telekom” MMC-nin müştərilərin başına açdığı oyunları görəndən sonra inandıq ki, doğrudan da, onların reklamı elə quru reklamdan başqa bir şey deyilmiş. Mən inanıram ki, indi söyləyəcəm hadisə ilə “İrşad Telekom” MMC-dən telefon almış çoxsaylı müştərilər də rastlaşıb. Yəqin ki, yazını oxuyandan sonra redaksiyamıza bu barədə çoxsaylı müraciətlər də olacaq ki, “İrşad Telekom” MMC onların başına hansı oyunlar açıb. 
İndi isə konkret mətləbə keçək. Deməli, 2013-cü il dekabrın 31-də qızımın adına “İrşad Telekom” MMC-nin Bakı şəhəri Azadlıq pr.43 ünvanında yerləşən satış mağazasından 410 AZN-nə “Sony Xperia LT26ii” modeli, imei kodu:353617055758373 olan mobil telefonu ayda 27 manat olmaqla kreditə götürülüb. Bununla belə, telefona 3 illik “Qızıl zəmanət” də verilib. Heç bir imza atılmayan və özlərinin standart müqavilələri olan 4 bənddən ibarət “Qızıl zəmanət” bir bındində belə yazılıb: “Zəmanət kartı nəyə zəmanət verir: komplektində olan bütün aksessuar və detallara, istehsalçının günahından baş vermiş qüsurlara. Problem yaranan detallar şirkət tərəfindən iki dəfə pulsuz dəyişdirilə bilər. Aldığı zədə, daxilinə mayenin düşməsi nəticəsində təmiri mümkün olmayan telefonun və aksessuarın dəyərinin 10%-ni şirkət pul şəklində müştəriyə kompensasiya ödəyir”.
Bax elə buradan da xoruzun quyruğu görünür. Açıq-aydın yazırlar ki, “aldığı zədə, daxilinə mayenin düşməsi nəticəsində təmiri mümkün olmayan telefonu...” təmir etmirlər. İndi oğul istəyirəm onlara problemin zədə üzündən və ya mayenin düşməsindən olmadığını sübut etsin. Adamın üzünə qıpqırmızı elə dururlar ki, qalırsan mat-məətəl. Gəlin hadisənin izahını bir az da dərindən verək.
Yuxarıda qeyd etdik ki, 2013-cü il dekabrın 31-də adı göstərilən ünvandan “Sony Xperia LT26ii” modelli telefon alınıb. Alınandan iki ay sonra telefonu istifadə edən oğlum bildirdi ki, axşam işləyə-işləyə telefonu söndürüb, səhər isə nə qədər çalışsa da, telefon açılmayıb. Səhəri gün qızım həmin telefonu aldığı mağazaya aparıb. Oradan isə həmin şirkətin Azadlıq pr.72 ünvanda olan texniki servisinə göndəriblər. Təbii ki, 3 illik “Qızıl zəmanət”ə görə telefonu pulsuz təmir etdilər. Mənim xəbərim olmayıb, qızımın dediyinə görə, hansısa bir detalında “deffekt” var imiş və onu da dəyişdirib, problemi aradan qaldırıblar. Sual olunur, təzə alınmış telefonda iki aydan sonra, heç bir zədə və maye düşməsi olmadığı halda, niyə qüsur yaranmalı idi? Sual servis ustalarını və “İrşad Telekom” MMC rəhbərlərini maraqlandırmasa da, bir jurnalist olaraq bu, mənim çox marağıma səbəb oldu. Bu barədə bir az sonra aşağıda söhbət açacağam.
Telefon bu minvalla daha iki il işlədi. Və yenə birdən-birə həmin problem çıxdı. Yəni, axşam söndürüldü, səhər isə telefon işə düşmədi. Artıq məlum idi ki, problem həminkidir. Bu dəfə uşaqlara etibar etməyib özüm Azadlıq pr.72 ünvanda olan servisə yollandım. Və bundan sonra mənim labirintli yollarım başladı. Çünki bu şirkət müştərilərə xidmət etməkdən başqa, problem yaratmaq üçün nə desən edir. Deməli, telefonu məndən qəbul etdilər, üç həftədən sonra telefonun əvəzinə əlimə bir quru parça kağız verib, dedilər “yaxşı yol, telefonun təmiri mümkün deyil”. Verdikləri cihazın təmirə yararsızlığı haqqında 20 fevral 2015-ci il tarixdə, 0342 saylı aktda yazılıb: “Cihazda mexaniki və fiziki zədə var. Yaranmış qüsur istehsalçı tərəfindən deyil. Cihazda yaranmış nasazlıq istifadəçinin təqsiri üzündəndir”.
Əvvəla, soruşulur: bu akt bağlananda müştəri niyə orada olmur? Necə olur ki, mənim taleyimi mənsiz həll edirsiniz? Müştərinin imza yeri də boşdur. Özləri imza çəkib və bununla da məsələni bitmiş sayırlar. Ustalardan dəfələrlə tələb etsəm də ki, mənə həmin zədəni ya lupa ilə böyüdülmüş şəkildə, ya da zədənin çəkilmiş şəklini göstərin, lakin bunu etmədilər. Eləcə iki ayaqlarını bir başmağa dirədilər ki, telefonun problemi zədə üzündəndir. Bunun üçün də mənə telefonun korpusunda olan bir-iki zədəni göstərdilər. Halbuki hamı da bilir ki, telefon hər bir kəsin əlindən düşə bilər və çox nadir hallarda telefon buna görə işləməyə bilər. İndiki halda isə yuxarıda qeyd etdiyim kimi, telefon axşam işləyə-işləyə söndürülüb, səhər isə telefon açılmayıb.
Əlbəttə, mən mübahisənin yersiz olduğunu görüb, “İrşad Telekom” MMC-nin baş ofisində deyəsən, satış müdiri olan Aris Şıxəliyevlə görüşdüm. Çox mədəni şəkildə məni qəbul etsə də, təəssüf ki, mənə ustalar deyəndən artıq söz demədi.
Mən kor-peşiman oradan geri qayıtdım, lakin məsələni belə qoymaq fikrində deyildim. Ustaların və satış müdirinin inadkarlığının səbəbini bilirdim. Çünki müqavilədə də göstərildiyi kimi, bir telefonda eyni problem iki dəfə aşkarlanarsa, onu pulsuz təmir etməlidirlər. Lakin müştəri üçüncü dəfə də həmin problemlə qarşılaşanda isə, bu zaman müqavilətə görə şirkətin servisində telefonun bütün hissələrini təzələməlidirlər. Bu isə təbii ki, şirkətə çox baha başa gəlir. Deyilənlərə görə, problem “plata”dadır. “Plata” isə deyilənə görə, telefonun ümumi məbləğinin 90%-nə başa gəlir. Deməli, şirkətə bütün hissələri yenidən dəyişmək sərf etmir. Ən asan yol isə “problem zədə üzündəndir” - deyib başdan eləməkdir. Elə belə də etdilər və telefonun ümumi dəyərinin 10%-i həcmində, yəni 41 manat kompensasiya verdilər, hələ minnət də qoydular ki, belə kompensasiya heç bir servisdə verilmir.
Həmin telefonla birlikdə “Sahil” metrosu yaxınlığında yerləşən “Sony” telefonlarının ən böyük servis mağazasına gəldim. Orada telefonun imei kodunu komputerə daxil edən kimi bildirdilər ki, bu telefon artıq bizdə olub və yazmışıq ki, “təmiri mümkün deyil”. Soruşdum ki, axı mümkünsüz heç nə yoxdur, ola bilməz ki, bu telefonu təmir etmək mümkün olmasın. Bildirdilər ki, “düz deyirsiniz, təmiri mümkündür, ancaq onu pulsuz təmir etmək bizə sərf etmir. Çünki onun “platası” çox bahadır, telefon isə “Qızıl zəmanət”lidir. Ancaq “İrşad Telekom” MMC-nin servisi istəsə, özləri o telefonu təmir edə bilərlər”.
Artıq məsələ aydın idi. “İrşad Telekom” MMC özünü əziyyətə salmaq istəməyib. Ona görə də məsələnin axırına qədər getmək qərarına gəldim. Təbii ki, ən axırıncı variant məhkəmə yoludur ki, yəqin buna da gedəcəyəm. Ancaq məhkəmədən qabaq bir dövlət qurumunun da mövqeyini öyrənmək istədim. Bu məqsədlə “İrşad Telekom” MMC-nin Azadlıq pr.43 ünvandakı satış mağazasında divardan asılmış Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498-15-01, 498-15-04 “qaynar xətt” telefonuna zəng edib hadisəni təfsilatı ilə onlara çatdırdım. Müraciətim tam qeydiyyata alındı. Telefonda söhbətimiz zamanı qurumun rəsmisi (təəssüf ki, adını unutmuşam) bildirdi ki, “İrşad Telekom” sizə verdiyi cavabı eyni ilə bizə də verəcək. Təbii ki, dərhal “niyə” sualını verməkdən özümü saxlaya bilmədim. Həmin rəsminin cavabı belə oldu: “Bizim o sahə üzrə xüsusi mütəxəssislərimiz yoxdur ki, həmin telefonları yoxlayıb, onların yalan və ya düz danışdığını müəyyən edə bilək. Ona görə də onlar bizə də sizə verdikləri cavabı verəcəklər”. Təbii ki, mən bu cavabla razılaşmadım və əlavə sual verdim: - Sizin elə mütəxəssisləriniz yoxdursa, onların yazdıqlarının yalan, ya düz olduğunu müəyyən edə bilmirsinizsə, bəs niyə “qaynar xətt” telefonlarınızın nömrəsini “İrşad Telekom” MMC-nin satış mağazasında asmısınız? Cavabı belə oldu ki, bu qurum yeni yaradılıb və yəqin ki, gələcəkdə bu və digər sahələrdə mütəxəssislərimiz olacaq.
Ona görə də həmin qurumun 10.04.2015-ci ildə mənə göndərdiyi və heç bir əhəmiyyət kəsb etməyən məktub məni təəccübləndirmədi. 32132-13/2300 saylı, rəis Zahid İsayevin imzası ilə göndərilmiş məktubdan sitat: “...”İrşad-İ.R.” MMC-nin 07.04.2015-ci il tarixli 67 nömrəli məktubla servis mərkəzi tərəfindən keçirilən baxış zamanı zərbə nəticəsində telefonun “plata”sının əyilməsinin, prosessorun naqillərinin zədələnməsinin müəyyən olunduğunu, bununla əlaqədar, zəmanətli xidmət göstərilməsindən imtina edildiyini bildirmiş və 22.02.2015-ci il tarixli 0342 nömrəli aktın surətini dövlət xidmətinə təqdim etmişdir”.
Ancaq məktub gəlməmişdən əvvəl, görünür, həmin qurum “İrşad Telekom” MMC-yə sorğu göndərib. Çünki mənim müraciətimdən bir müddət sonra “İrşad Telekom” MMC-nin hüquqşünası İsmayıl İsmayılbəyli mənə zəng edib məsələ ilə maraqlandı. Aramızda çox səmimi söhbət oldu və mən xahiş etdim ki, bir hüquqşünas kimi, məsələnin həllinə kömək edin ki, oğlum telefonsuz qalmasın. İ.İsmayılbəyliyə onu da xatırlatdım ki, artıq sizin şirkət və telefonlar barədə xeyli məlumat toplamışam. Həmin məlumatlarda şirkətin köhnə telefonların korpusunu dəyişib təzə adı ilə satması, telefon alınandan 15 gün ərzində problemi çıxarsa, yenisi ilə əvəzedilməsi müqavilədə nəzərdə tutulsa da, buna əməl edilməməsi, telefonların öz maya dəyərindən dəfələrlə baha satılması halları öz əksini tapıb. Hətta “İrşad Telekom” MMC-nin Azadlıq pr.43 ünvanında yerləşən satış mağazasında işləmiş konkret şəxs var və məhkəmə zamanı təsdiq etməyə hazırdır ki, mağazada köhnə telefonların korpuslarının dəyişdirilib təzə adı ilə satılması adi haldır. 15 gün ərzində ciddi problem çıxmasına baxmayaraq, telefonu dəyişdirilməyən həmin xanım da məhkəmədə şahidlik etməyə hazırdır. Digər ciddi faktlar da var ki, onları qəzet səhifəsinə çıxarmağa lüzum görmürəm, çünki həmin faktlar vəkil tərəfindən məhkəmədə qaldırılacaq.
Bütün bunları dinləyən şirkətin hüquqşünası İsmayıl İsmayılbəyli bildirdi ki, onlar da aciz deyillər və öz hüquqlarını məhkəmədə qorumağa hazırdırlar. Bununla belə, İ.İsmayılbəyli mənə telefon məsələsində kömək edəcəyinə çalışacağını bildirdi. Ancaq üstündən bir neçə gün keçməsinə baxmayaraq, hüquqşünas dostumuzdan səs çıxmadı. Yenə onun mobil telefonuna özüm zəng etdim. Bildirdi ki, araşdırma gedir. Sonra bu barədə mənə məlumat veriləcək. Bir-iki həftə də belə keçdi. Növbəti zəngimdə İ.İsmayılbəyli bildirdi ki, o, artıq heç nə edə bilmir. Təbii ki, ona məhkəmədə hüququmu qoruyacağımı bildirmişdim. İsmayıl bəy də bildirdi ki, “biz yüzlərlə belə məhkəmələr görmüşük və bizim məhkəmələrdən heç bir qorxumuz yoxdur”.
Artıq bu faktın özü onu deməyə əsas verir ki, şirkətin satdığı telefonlar doğrudan da problemlidir ki, müştərilər məhkəmələrə üz tuturlar. Görünür, hansısa sehirli bir əl bu şirkətə “krışalıq” edir ki, onlar məhkəmələrdə həmişə qalib olurlar. Ay məzəniz olsun sizin! Deməli, İrşad Telekomun baş bilənləri müştərilərlə kefləri istəyən kimi davranırlar. Yəni əsl kefkomdurlar. Ancaq bu kefkomluq, müştərilərlə istədikləri kimi məzələnmək, məhkəmələri havadarları vasitəsi ilə həmişə udmaq son günlərə qədər keçərli idi. Amma indi həmin “krışa” yəqin ki, daha “İrşad Telekom”un “kefqom”luğuna “dayı”lıq edə bilməyəcək. Çünki bu günlərdə Beynəlxalq bankdan milyonlarla manat kredit götürüb qaytarmayan və bununla da dövlətə 6 milyard manatdan çox ziyan vuran, 70-dən çox iş adamı, sahibkar, böyük şirkət sahibləri artıq dəmir barmaqlıqlar arxasındadır.
Hörmətli prezident, cənab İlham Əliyev belə insanlar barədə qəti mövqe ortaya qoyub və keçirdiyi son müşavirədə söylədikləri xalqı aldadanlara dərs olacaqdır: “Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmirları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cürə əməldən çıxır. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilir. Bir adam məsuliyyətdən qaça bilməz. Xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətli olmalıdırlar. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək”.
Göründüyü kimi, dövlətin malını mənimsəyənlərə, əhalini aldadan şirkət rəhbərlərinə qarşı cənab İlham Əliyevin mövqeyi birmənalıdır. Ona görə də əminəm ki, müştərilərin başına min bir oyun açan, mədəni surətdə onların ciblərinə girib, pullarını mənimsəyən, bu azmış kimi maddi cəhətdən ziyana düşdüyündən haqqını tələb edən müştərilərə mənəvi əzab verən “İrşad Telekom” MMC-nin rəhbərliyi və ona “krışalıq” edənlər daha əvvəlki oyunlarını oynaya bilməyəcəklər.
Tezadlar.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024