Dünya (30-11-2014, 09:48)
Hüsnü Mübarək və oğulları azadlıqda- Fotolar
Bu gün Misirin devrilmiş prezidenti Hüsnü Mübarək və onun 2 oğluna yerli məhkəmə tərəfindən bəraət verildi, bir neçə saat əvvəl isə daxili işlər naziri və 6 köməkçisi də bəraət almışdı.
Mediatv.az ;n musavat.com-a istinadən məlumatına görə, “The Associated Press” agentliyinin xəbərində vurğulanır ki, 2011-ci ildə baş vermiş inqilab zamanı insanların ölümündə suçlu bilinən Mübarək rejiminə qarşı irəli sürülmüş ittihamlar aradan qaldırılıb. Misirin yeni prezidenti Əbdul Fəttah əl-Sisinin iqtidarda olması prosesin belə bir sonluqla yekunlaşmasına səbəb oldu.
Agentlik qeyd edir ki, Hüsnü Mübarək və onun iki oğlu Gamal və Alaa həm də korrupsiya ittihamı ilə üzləşmişdi.
Maraqlıdır ki, bəraət alan 86 yaşlı Hüsnü Mübarəkin haraya gedəcəyi ciddi suala çevrilib. Son 3 ili həbsdə olan eks-prezidentin bəraət alması çoxlarının sevincinə səbəb olub. İnqilab zamanı doğmalarına itirənlər isə məhkəmənin bu qərarından məyus görünür. Onlar məhkəmənin məhz “köhnə Mübarək qanunları ilə” hökm verdiyini bildiriblər.
Agentlik qeyd edir ki, Misirdə 18 günlük qarşıdurma zamanı 900 nəfərə yaxın etirazçı rejim tərəfindən öldürülmüşdü. Elə bu səbəbdən də prezident Mübarək 2011-ci ilin 11 fevralında istifa verməli oldu. Bu hadisələrə görə həbs olunmuş 170 nəfərə yaxın polis və hərbçi isə xeyli vaxtdır ki, bəraət alıb.
29 il iqtidarda olmuş Hüsnü Mübarək səhhətindən dolayı həbsini əsasən xəstəxanada keçirməli olub.
Bütün təzyiqlərə baxmayaraq Misiri tərk etməyən Hüsnü Mübarək həbsindən sonra xalq arasında daha çox sevildi. Regionda baş verən növbəti inqilablar ona olan simpatiyanı gücləndirdi. Xüsusən “Müsəlman Qardaşları” təşkilatının təmsilçisi Məhəmməd Mursinin prezident olduqdan sonra Misirdə şəriət dövləti qurmaq cəhdləri Hüsnü Mübarək tərəfdarlarına güclü arqumentlər verdi.