Gündəm (26-02-2014, 11:00)
Sui-qəsdə uğrayan və edam olunan prezidentlər...
Tarixdə ən çox qətlə yetirilən Amerika prezidentləri olub; Şərqdə də az diktator öldürülməyib; onlardan həyatda qalmaq üçün xalqa yalvaranı da olub, boynuna edam kəndiri asılanda gülümsəyəni də
Hazırda dünya itkin düşən Ukrayna prezidenti Yanukoviç haqqında danışır. Onun mal-mülkü, göz qamaşdıran maşınlarını müzakirə edir. Və qətlə yetirilmə ehtimalını. Bildirilir ki, qızğın ukraynalılar onun həyatına son qoymaq üçün cəhd edə bilərlər. Və bu, heç də gözlənilməz olmaz. Neyçün ki, bu günə qədər üsyanla devrilən prezidentlərin linç olunma səhnələrinə tarix az şahidlik etməyib. Ortada bir neçə belə nümunə var.
İnqilabla devrilən liderlər üçün sui-qəsd qaçılmazdır...
Adətən inqilabla, üsyanla hakimiyyətdən devrilmiş liderlər üçün sui-qəsd ssenarisi xarakterikdir. Qəzəbli kütlə onları tapıb həyatına son qoymaq üçün əlindən gələni edir. Yanukoviçin əlindən zəncir çeynəyən ukraynalıların uzaqdan görünən mənzərəsi də bunu təsdiqləyir.
Və biz də Ukraynadan yol alaraq, dünya tarixində qətlə yetirilmiş, sui-qəsd qurbanı olmuş prezidentlərdən danışacağıq. Bu kontekstdə inqilab yolu ilə devrilmiş prezidentlərə qəzəbli xalq kütlələrinin münasibəti də əsas rol oynayır. Ona görə ki, bu, aksiomadır - qəzəbli kütlənin bir çox hallarda əsas hədəfi devrilmiş liderlər olur. Onun malına, canına ziyan vurmaq sanki məntiqi ardıcıllıq kimi özünü göstərir.
Uzağa getmədən öz ölkəmizdən başlayaq. 1990-cı ilin yanvarında sovet qoşunları Bakıda xalqın qanını tökəndən sonra o vaxtkı ölkə rəhbəri Əbdürrəhman Vəzirov gizli şəkildə Bakıdan Moskvaya qaçırıldı. Çünki qəzəbli azərbaycanlılar onu ələ keçirib öldürə bilərdilər. Keçmiş prezident Ayaz Mütəllibov da 1992-ci ilin mart və may aylarında ona qızğın olan kütlənin əlinə keçməmək üçün ortaya çıxmadı.
Daha bir eks-prezident - mərhum Əbülfəz Elçibəy də məhz qan tökülməməsi üçün 1993-cü ilin yayında öz doğma kəndinə sığındı. Elçibəy bu addımını ölkəsini vətəndaş müharibəsindən yayındırmaq üçün atdığını deyirdi.
Ən çox Amerika prezidentləri sui-qəsd qurbanı olub
Tarixdə qısa gəzişmə zamanı aydın oldu ki, prezidentləri ən çox sui-qəsd qurbanı olan ölkə Amerikadır. Amerikanın sui-qəsdə məruz qalan ilk prezidenti Endryu Cekson olub. 1835-ci ilin 30 yanvarında Kapitoliya binasında 35 yaşında bir rəngsaz ona yaxınlaşıb, dalbadal iki dəfə silahla atəş açmaq istəyib. Cinayətkar dərhal yaxalanıb və daha sonra etiraf edib ki, prezidenti məhz işsiz qaldığı üçün öldürmək istəyib. Prezident özü isə iddia edib ki, bu adamı ona siyasi düşmənləri yollayıblar.
1865-ci ilin 14 aprelində isə Vaşinqtondakı bir teatrda Abraham Linkoln ölümcül yaralanıb və növbəti gün dünyasını dəyişib. Onunla yanaşı əyləşmiş ABŞ-ın dövlət katibi Uilyam Syuard da yaralanıb, amma sağ qalıb. Qatil isə konfederasiyanın tərəfdarı olan aktyorlardan biri olub.
1881-ci ilin 2 iyulunda Vaşinqton vağzalında əsəb gərginliyindən əziyyət çəkən Çarls Gito prezident Ceyms Qarfildi güllələyib. Prezident aradan bir neçə ay sonra, bu güllələnmənin nəticəsi olaraq qan zəhərlənməsindən dünyasını dəyişib.
1911-ci ilin 6 sentyabrında Çikaqoda Panamerikan Sərgisinin açılışı zamanı prezident Uilyam MakKinli ciddi yaralanıb. Onun qatili də 28 yaşlı anarxist Leon Spolqots olub.
1912-ci ilin 14 oktyabrında, Viskonsin ştatındakı seçkiöncəsi mitinqdə Teodor Ruzveltə qarşı sui-qəsd olub. Sinəsindən ciddi yara almasına baxmayaraq prezident çıxışını bitirmədən kürsüdən düşməyib. Və yalnız çıxışı bitəndən sonra həkimə müraciət edib.
15 fevral 1933-cü ildə, seçkilərdəki qalibiyyətindən dərhal sonra Franklin Delano Ruzveltə qarşı da sui-qəsd gerçəkləşib. Florida ştatında ona Cüzeppe Zanqarra adlı anarxist hücum edib. Yaxınlıqda dayanan qadın atəş açılan zaman qatilin əlindən tutmağa çatdırıb. Zanqarra Ruzvelti öldürməyi bacarmasa da, Çikaqonun meri Entoni Çermakı ölümcül yaralamağa nail olub.
1950-ci ilin 1 noyabrında prezident Harri Trumenə Pensilvaniyada yerləşən iqamətgahında sui-qəsd cəhdi edilib. Ona düz iki nəfər qatı millətçi hücum edib. Prezidentin mühafizə xidməti ilə 2 hücumçu arasındakı atışma 3 dəqiqə boyunca davam edib ki, nəticədə mühafizəçilər və hücumçulardan biri öldürülüb. Digər millətçi hücumçu isə həbs edilib.
1963-cü ilin 22 noyabrında Dallasda prezident Con Kennedi öldürülüb. 1995-ci ildə Milli Təhlükəsizlik Agentliyinin və Amerika ordusunun keçmiş kəşfiyyatçısı Con Nyuman Li Harvi Osvaldın şəxsi işinin Kennedinin öldürülməsinə qədər və sonra dəfələrlə dəyişdirildiyini göstərən şahid ifadələrini dərc etdi. Nyumanın məlumatına görə, Amerika xüsusi xidmət orqanları, prezidenti qəsdlə bağlı məlumatlandırmaq imkanına malik olmalarına baxmayaraq, bunu etməyiblər. Bundan əlavə, 2007-ci ildə Qvatemalada “pbsuccess” əməliyyatını keçirən və “Uotorgeyt skandalı”nın iştirakçılarından olan MKİ-nin keçmiş agenti Hovard Hantın kitabı çıxır. Kitabda Hant MKİ-nin Kennedinin qətlində əli olduğunu deyirdi. Sonradan Hantın oğlu “Rolling Stones” jurnalına müsahibəsində bu məlumatları təsdiqləmişdi. Onun sözlərinə görə, guya ölüm ayağında ikən Hant, qətldə əli olanlar arasında sonralar Kennedini əvəzləyən prezident Lindon Consonun, Kubadakı MKİ-nin əməliyyatlar üzrə rəhbəri Devid Etli Filipsin, MKT agentləri Kord Meyer, Uilyam Harvi, David Sançes Moralesin, Hantın Uotorgeyt 2 qalmaqalı" üzrə iş ortağı Frenk Surcis və naməlum fransız snayperinin adlarını çəkib.
Müəmmar Qəddafi yalvardı, dinləyən olmadı...
Yaxın tarixə müraciət edək. Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin 2011-ci il oktyabrın 20-də öldürülməsi hələ də yaddaşlardan silinməyib. Qəddafinin ölümü ilə bağlı versiyalar arasında ən maraqlısı onun boğularaq qətlə yetirilməsi ilə bağlıdır. Məlumata görə, Qəddafi üsyançıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da qaçmağa çalışırmış.
O, hətta sürünərək Sirt şəhərinin qərbində yerləşən kanalizasiya borularınadək gəlib çıxıb və orada gizlənib. M.Qəddafi gizləndiyi yerdən çıxarıldıqdan sonra üsyançılar onu necə öldürəcəkləri ilə bağlı xeyli mübahisə ediblər. Bəziləri onu işgəncə ilə öldürməyin tərəfdarı olsalar da, digərləri Qəddafinin sağ saxlanılmasını istəyiblər. “Youtube” video portalında hətta Qəddafinin son anlarının videgörüntüsü də öz əksini tapıb.
Videoçarxda M.Qəddafi üzünü liviyalılara tutaraq müraciət edir: “Övladlarım, siz məni öldürürsünüz? Siz günah işlədirsiniz. Bu, mənəm, Qəddafi, sizin lideriniz”. Ancaq verilən məlumatda bildirilir ki, üsyançılar Qəddafinin çağırışlarına məhəl qoymayaraq onu boğaraq qətlə yetiriblər.
Keçmiş Rumıniya diktatoru Nokolay Çauşeski də hakimiyyətdən qiyam yolu ilə devrildikdən sonra həyat yoldaşı ilə birlikdə üsyançılar tərəfindən güllələnib. Çauşeskilər Buxarestdəki hərbi qəbiristanlıqda dəfn olunublar.
Hüsnü Mübarəki tapa bilməyiblər, oxşarını öldürmək istəyiblər
Misirin keçmiş prezidenti Hüsnü Mübarək hakimiyyətdən devrildikdən sonra qəzəbli xalqın hədəfində olub. Amma paytaxt Qahirədən qaçdığı üçün ələ düşməyib. Xəbərlərə görə, hətta bir dəfə Yəmən vətəndaşı Məhəmməd Abdulla Şumari ona çox bənzədiyi üçün linç təhlükəsi ilə üz-üzə qalıb. O, Qahirəyə qohumlarını görməyə gedib, amma qəzəbli kütlənin qurbanına çevrilməkdən zorla xilas olub.
Qohumlarının evində əylənən Məhəmməd Abdulla Şumari Qahirəni gəzmək qərarına gəlib. Küçəyə çıxan kimi onu yerli yeniyetmələr dövrəyə alıblar və söyməyə başlayıblar. Az sonra yeniyetmələrə böyüklər də qoşulublar və onu öldürməklə hədələyiblər.
Şumari Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə çox bənzəyirmiş. Baxmayaraq ki, həmin vaxt onun 61, Hüsnü Mübarəkin isə 80 yaşı olub. Onların nəinki sifət cizgiləri, hətta almacıq sümükləri və acıqlı baxışları də çox oxşardır. Qahirə sakinləri də yəmənlini məhz Hüsnü Mubarəkə bənzətdiklərindən öldürmək istəyiblər. Onlar fikirləşiblər ki, yəqin Hüsnü Mübarək həbsdən buraxılıb və indi də heç nə olmamış kimi Qahirənin küçələrini gəzir.
Məhəmməd Abdulla Şumari kütləyə birtəhər izah edə bilib ki, o, Yəməndən gəlib, qonaqdır. Buna baxmayaraq, ona heç kim inanmayıb. Bəxtsiz turistin köməyinə polis əməkdaşları gəliblər və onu qəzəbli kütlənin əlindən sağ-salamat qurtarıblar.
Qonağın sənədlərini yoxlayan asayiş keşikçiləri qahirəliləri inandırıblar ki, onun Hüsnü Mübarəkə heç bir aidiyyəti yoxdur.
Ərəb inqilablarının ilk baş verdiyi Tunisin keçmiş prezidenti Zeynalabdin bin ali də qəzəbli tunislilərin əlindən zorla canını qurtardı. Daha doğrusu, Tunisdə inqilab başlayan kimi onu arvadı zorla təyyarəyə mindirib, ölkədən çıxarıb.
Xatırladaq ki, indiyədək Şərqdə də xeyli diktator hakimiyyətdən salındıqdan sonra öldürülüb. Onlardan biri də İraqın keçmiş prezidenti Səddam Hüseyndir. Onu 2006-cı ilin dekabrında asaraq edam etdilər.