Dünya (6-10-2014, 15:21)
İsveç Fələstinin müstəqilliyini tanıyıb
Hafta.az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İsveçin baş naziri Stefan Löven bildirib.
O qeyd edib ki, İsraillə Fələstin arasındakı münaqişənin həlli yolu hər iki dövlətin tanınmasından keçir: “Qərar qəbul olunmalı və beynəlxalq hüquq normalı çərçivəsində razılaşdırılmalıdır. Bu qərar hər iki ölkənin sülh şəraitində yaşamasına gətirib çıxarmalıdır. Məhz buna görə İsveç Fələstini dövlət kimi tanıyır”.
Öz növbəsində İsrail hökuməti S.Lövenin bəyanatından narazılıq ifadə edib. İsrailin xarici işlər naziri Aviqdor Libermanın bəyanatında deyilir ki, İsveç hökumətinin başçısı Fələstini suveren dövlət kimi tanımaqla bağlı açıqlama verərkən “tələskənliyə yol verib”: “Bəyanatı verməzdən öncə bu məsələ ilə yaxından tanış olmaq daha yaxşı olardı”.
İsrail XİN-in nümayəndəsi Emmanuel Naşon isə bildirib ki, İsveçin bu ölkədəki səfiri Maqnus Nesser bu gün nazirliyə dəvət olunacaq.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki də İsveçin baş nazirinin bəyanatından narazılıq ifadə edib.
İsveçin xarici işlər naziri Marqo Valström isə bildirib ki, ölkəsinin xarici siyasəti ABŞ-dan asılı deyil.