Rusiya prezidenti Vladimir Putin ötən il dekabrın sonlarında Suriya diktatoru Bəşər Əsədə istefaya getmək təklifini çatdırıb.
Mediatv.az xəbər verir ki, bu barədə nüfuzlu “Financial Times” qəzeti Qərb kəşfiyyatlarındakı iki anonim mənbəyə istinadən yazır.
Qəzetin yazdığına görə Bəşər Əsədə istefaya getmək barədə təklifi Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) direktoru, general İqor Serqun çatdırıb. General Putinin adından ona deyib ki, “görünür, vaxt yetişib”. Bu, Bəşər Əsədin istefaya getməsinin vaxtı çatdığı mənasını verirdi. Lakin Qərb kəşfiyyatındakı yüksək vəzifəli iki mənbə Əsədin bu təklifi qəti şəkildə rədd etdiyini bildirib.
“General Serqunun çatdırdığı məxfi təklifin mahiyyəti Suriyada hakimiyyətin Əsədin ələvi rejiminin saxlanılması şərti ilə onun istefasından ibarət idi. Hakimiyyətinbu cür ötürülməsi mötədil müxalifətlə real danışıqlar üçün imkanlar açmalıydı. Məhz bu təklif 2015-ci ilin sonlarında Qərb xüsusi xidmət orqanlarının optimizmini artırmışdı. Lakin Əsəd Serquna bildirib ki, əgər o prezidentliyini saxlamasa Rusiyanın Suriyada gələcəyi olmayacaq”-kəşfiyyatdakı mənbə bildirib.
Qəzetin yazdığına görə hazırda Əsəd müxtəlif ölkələrin maraqları arasında strateji var-gəl edir və İrann daha çox dəstəyinə arxayındır. Suriya böhranının diplomaik həlli prosesində iştirak edən bir rusiyalı rəsmi isə deyib ki, siyasi həll Əsədin hansısa ölçüdə hakimiyyətdən çəkilməsini nəzərdə tutur. Lakin yekun qərar hələ qəbul edilməyib.
QRU direktoru İqor Serqun bu il yanvarın 3-də 58 yaşında qəfildən ölüb. Onun qəfil ürək tutmasından öldüyü haqda rəsmi məlumat yayılıb. Lakin dünyanın ən güclü kəşfiyyat strukturlarından birinin rəhbərinin qəfil ölümü ilə bağlı bir çox versiyalar yayılmışdı.
Amerikanın özəl kəşfiyyat araşdırmaları agentliyi “Stratfor” bildirib ki, general rəsmi açıqlamada deyildiyi kimi Moskva ətrafında deyil, Livanda ölüb. Agentlik İqor Serqunun yanvarın 1-də Livanda “şübhəli şəkildə öldüyünü” açıqlayıb. Lakin Kreml bu məlumatı təkzib edib.
Rusiyalı jurnalist, “Exo Moskva”nın aparıcısı Yuliya Latınina isə bildirib ki, onun eşitdiyinə görə İqor Serqun Yeni il axşamı Rusiyanın Suriyadakı hərbi bazasında olub. Orada başqa yüksək rütbəli qonaqlar da olublar və hamı bərk içib əylənib. Moskvaya qayıdandan sonra Serqun prezident Putinin iştirakı ilə xokkey maçtında iştirak edib və görünür onun ürəyi xroniki yorğunluğa, içkiyə, yüklənməyə dözməyib. Latınina deyib ki, ola bilsin Rusiyanın Suriya əməliyyatlarının planlaşdırıldığı kimi getməməsi də Serqunun ölümünə təsir edən amillərdən biridir. Çünki o, səhər saat 6-dan işə başlayır, bəzən gecələr də kabinetində yatırdı.
İndi Qərb kəşfiyyatındakı mənbələr də təsdiq edir ki, QRU direktoru ölümündən bir neçə gün əvvəl doğrudan da Suriyada olub.