Dünya (7-10-2015, 14:54)
“Bu ordu ən güclü hərbi maşını dayandırıb” – Poroşenko
Ukraynanın şərqindəki separatçı rejimlərin seçkiləri gələn ilə qədər təxirə salması Ukraynanın Donbassı geri qaytarması üçün yol açır.
Mediatv.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Facebook” səhifəsində bildirib.
Bu gün tələbələrlə görüşündə isə P.Poroşenko deyib ki, Donbassda əldə olunan razılıq hələ sülh deyil, amma əsl atəşkəsdir.
“Oktyabrın ilk həftəsində cəbhədə “tam sakitlik” müşahidə olunur. Bu, hələ sülh deyil, amma əsl atəşkəsdir… Düşmən hələ müharibəni bitirməyib. Hibrid müharibə – iqtisadi və informasiya müharibəsi hələ də davam edir”, – deyə Poroşenko vurğulayıb.
O əlavə edib ki, sülh o zaman olacaq ki, Donbass tamamilə düşməndən, işğalçı və qəsbkarlardan azad ediləcək.
“Biz qitədə ən güclü və vətənpərvər ordulardan birini yaratmışıq. Bu ordu ən güclü hərbi maşını – Rusiya Federasiyasını dayandırıb”, – deyə Ukrayna prezidenti qeyd edib.
Prezidentin sözlərinə görə, Donbassda seçkilərin təxirə salınmasından sonra bu ərazidə Ukrayna qanunları və ATƏT standartları ilə seçkilərin keçirilməsinə zəmin yaranıb.