Dünya (29-05-2015, 11:54)
Poroşenko: “Ölkənin şərqindəki separatçılar ordu birliklərinə hücum edəcəyi halda hərbi vəziyyət elan ediləcək”
“Ölkənin şərqindəki separatçılar ordu birliklərinə hücum edəcəyi halda hərbi vəziyyət elan ediləcək”.
Mediatv.az-ın məlumatına görə, Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu sözləri prezident seçilməsinin birinci ildönümü ilə bağlı hazırlanan “Poroşenkonun bir ili” proqramında çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko deyib.
“Əgər atəşkəs pozulsa və separatçılar cəbhə xəttini keçərək Ukraynanın silahlı qüvvələrinə hücuma başlayarsa, həmin an ölkədə hərbi vəziyyətin elan edilməsi barədə qərar verəcəyəm”, - Poroşenko bildirib.
Ukrayna prezidenti ötən ilin avqust ayının ikinci yarısından başlayaraq ölkənin şərqində vəziyyətin tamamilə dəyişdiyini, tam təchizatlı və Qafqazda döyüş təcrübəsi olan minlərlə Rusiya hərbçisinin Ukrayna torpaqlarına girdiyini qeyd edib. Poroşenko bununla da hərbi əməliyyatların xarakterinin dəyişdiyini, Rusiyanın dəstəklədiyi separatçılarla döyüşün Rusiya ilə döyüşə çevrildiyini söyləyib.
Rusiyanın ilk mərhələdə Xarkov, Dnepropetrovsk, Donetsk, Luqansk, Zaporoje, Xerson, Nikolayev, Odessa və Krımı “Novorossiya” (Yeni Rusiya) çətiri altında birləşdirmək istədiyini deyən Poroşenko layihənin rəsmi olaraq iflas etdiyini dilə gətirib. Prezidentin sözlərinə görə, dil artıq dövləti parçalayan faktor olmaqdan çıxıb. O, ölkənin şərqində rus dilində danışanların 50 faizinin Ukraynanı müdafiə etdiyini deyib.