Mediatv.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bəyanatla çıxış edərək bundan sonra təmas xəttində raket və artilleriyadan istifadə edəcəyini bildirib. Bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dislokasiya yerlərini, ordu hissələrinin, texnikanın və canlı qüvvənin bütün hərəkətini “daimi nişangahda” saxlayacaq.
Xatırladaq ki, Ermənistan ordusu onsuz da təmas xəttində müxtəlif çaplı minaatanlardan istifadə etməkdə idi. Lakin düşmən tərəf indiyədək bunu etiraf etmək istəmirdi. Azərbaycan müdafiə nazirinin əmrinə əsasən silahlı qüvvələrimiz düşmənin zərbələrinə bir neçə qat artıq cavab vermək təlimatı alıb. Üstəlik dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi düşməni xəbərdarlıq edib ki, ordumuzun mövqelərinin, sərhədboyu yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq qarşı tərəfə bütün silah növlərindən istifadə olunmaqla sarsıdıcı zərbə endiriləcək.
Bu baxımdan Ermənistan ordusunun artilleriya və raket zərbələrinə cavab olaraq Azərbaycan ordusunun daha ağır və dağıdıcı atəş sistemlərini işə salması qaçılmaz olacaq.