Dünya (17-09-2015, 17:21)
AMERİKADA “TRAMP FIRTINASI”
ABŞ-da Respublikaçılar Partiyasının namizədini müəyyən etmək üçün keçirilən debatlar rekord tamaşaçı marağı toplayıb.
Mediatv.az xəbər verir ki, CNN-in bu debatların canlı yayımında topladığı tamaşaçı sayı 920 mini keçib, debatlar vaxtı reklam fasiləsində 30 saniyəlik videoçarxın qiyməti isə 200 min dollara çatıb.
Məsələ nə CNN-də, nə də respublikaçılardadır, namizədlər siyahısında olan milyarder Donald Tramp öz qalmaqallı və səs-küylü açıqlamaları ilə tamaşaçı diqqətini öz üzərinə toplayıb. Reytinqi isə getdikcə artır və hətta ABŞ-da prezident oğlu və prezident qardaşı kimi tanınan Ceb Buşun belə reytinqi bu milyarderi keçə bilmir. Donald Tramp CNN-dən tələb edib ki, onun iştirak etdiyi son debatın gəlirindən 10 milyon dollar xeyriyyə fondlarına yönəldilsin – çünki telekanal debatlarda məhz onun iştirakına görə böyük tamaşaçı kütləsi toplayır.
Milyarderi ABŞ-da elə də sevimli saymaq olmaz. O, sadəcə bəzən məzəli, bəzən avantürist, bəzən də sülhpərvər açıqlamalarıyla insanların “hisləri ilə oynayır”, müxtəlif təbəqələrin diqqətini özünə çəkir.
Bir müddət əvvəl ABŞ-Meksika sərhədlərində miqrantların keçidini əngəlləmək üçün divar tikəcəyini bəyan edən milyarder, tamaşaçılar və mətbuat tərəfindən sərt tənqid olundu. Onun NBC ilə şərikli keçirdiyi “Kainat gözəli” və “ABŞ gözəli” müsabiqələrinin yayımı dayandırıldı, Tramp məcbur olaraq NBC-nin paylarını da aldı və bir neçə gün sonra başqa bir şirkətə satdı.
Tramp geopolitika ilə bağlı da maraqlı çıxışlar edir. Məsələn, son debatlarda Moskvanın Suriya rejiminə hərbi dəstək verməsi ilə bağlı sualı şərh edən D.Tramp deyib ki, Rusiya prezidenti Vladimir Putinlə dil tapa bilər: “Mən onunla danışardım, yola gedərdim. Mən inanıram ki, – amma səhv də edə bilərəm və onda başqa yol tutmalı olacam, – ölkəmizin hazırda yola getmədiyi bir çox dünya liderləri ilə münasibətləri düzəldə bilərəm”.
Bundan əvvəl isə Tram bildirmişdi ki, Rusiya Ukraynaya məhz ABŞ prezidentinə hörməy etmədiyindən hücum edib. Lakin milyarder namizəd Ukrayna xalqına daha böyük dəstək vermək vədlərindən də çəkinib. Ötən ay Ukraynanın NATO-ya qoşulub-qoşulmaması ilə də bağlı NBC əməkdaşı Çak Todun sualını cavablandırarkən, Donalt Tamp Ukraynanın NATO üzvü olub-olmayacağına görə “narahatlıq daşımadığını” demişdi: “Qoşulsalar – əla, qoşulmasalar da – əla”.
Lakin Ukraynanın Avropaya qoşulması ilə bağlı keçirilən ənənəvi “Yalta Avropa Konfransı” (YES) iştirakçılarına müraciətində “Ukraynaya hörmətdən dolayı, Avropanın müxtəlif yerlərindən insanlar ona kömək etməlidir” deyə vurğulayan respublikaçı namizəd bir sözlə eyham edib ki, Ukrayna problemi Avropanın problemidir və bununla daha yaxından məhz Avropa məşğul olmalı, daha çox məsuliyyət daşımalıdır.
NBC-də çıxışında milyarder aydın şəkildə bildirib ki, Ukraynada baş verənlərə görə çox narahatdır, amma Avropaya ABŞ-dan çox toxunur.
Onun Avropa məsələsinə baxışı 2000-ci ildə çap etdirdiyi “Layiq olduğumuz Amerika” kitabında da aydın görünür. Tramp yazıb ki, “onların münaqişələri amerikalıların həyatına dəymir və ölkə Avropadan daha uzaq dursa, hər il milyonlarla dollar qənaət etmiş olacaq:“Avropada NATO qoşunlarının yerləşdirilməsi böyük xərclər tələb edir. Bu resursları daha səmərəli istifadə etmək olardı. Necə olsa da, bizim müttəfiqlərimiz bizim varlığımızı qiymətləndirmirlər”.
Ukraynada milyarderin təzadlı açıqlamalarına olan aqressiya onun “Fox News” televiziyasının efirində Putini tərifləyən bəyanatından sonra daha da artdı: “Mən iki il əvvəl Moskvada oldum və deməliyəm ki, bu insanlarla ümumi dil tapmaq olar, hətta yaxşı yola gedə bilərik. Onlarla saziş bağlamaq olar. Obama isə bacarmır. Mərcə duraram ki, mənim Putinlə münasibətlərim yaxşı olacaq. Bu, liderlik məsələsidir”.
Bu fikirlərə görə Tramp Ukraynada tərtib olunaraq yayımlanan “Düşmənlər siyahısı”nda “Kremlin agenti” kimi göstərilmiş, amma KİV-in diqqətini çəkəndən sonra silinmişdi.
Onun uğurlu biznesmen olmasını inkar etməyən ekspertlər Trampın siyasi proseslərə şəxsi mənfəət baxımından yanaşdığını, ona görə də belə açıqlamalar verdiyi deyirlər.
Tramp terrorla mübarizədə də birmənalı mövqe tutmur. Lakin çox maraqlıdır ki, Tramp İranla imzalanan nüvə sazişinə də müsbət yanaşmır.
Bütün enerjisini Obama hökumətinin tənqidinə sərf edən Tramp, heç də tam sülhpərvər obrazı yaratmır.
O, özündən əvvəlki respublikaçıların da əhvalını özündə saxlayır və “ABŞ-la dil tapmayanlarla sərt addımlar” atılması siyasətini yeridir.
Maraqlı olan Trampın daha irəliyə gedəcəyi və hətta prezident olub-olmayacağı deyil. Məsələ amerikalıların proseslərə münasibətindədir.
Amerikalılar müharibələrdən yorulublar, amma meydandan getmək də istəmirlər…
Və Avropa İttifaqı ilə ABŞ müttəfiq olmalarına baxmayaraq, bu iki güc arasında münaqişəli əhval-ruhiyyə mövcuddur. Heç indinin özündə belə, Obama Avropaya lazımınca arxa dura bilmir, yada Rusiya ilə qarşıdurmada çox uzağa getməkdə ehtiyat edir.
azpolitika.info