Dünya (28-08-2015, 21:21)
İŞİD üçüncü mərhələyə başladı: “Qlobal cihad” Qafqaza gəlir
Suriya və İraqda “dövlət”ləşmə prosesini tamamlayan İŞİD “Qlobal cihad” üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, Türkiyənin “Aksiyon” jurnalı dünyanın müxtəlif ölkələrində həyata keçirilən İŞİD hücumlarının üçüncü mərhələyə keçdiyini yazıb.
Birinci mərhələ: “nəzarət və idarə et”
Məqalədə qeyd edilir ki, terror təşkilatı Suriya və İraq sərhədlərini aşır, qanlı terror aktlarını qloballaşdırır. Təşkilatın daxilində “üçüncü mərhələ” şəklində kodlaşdırılan yeni mərhələ dünyanı 11 sentyabra geri aparmağı nəzərdə tutur.
Üçüncü mərhələ, digər adla “Qlobal cihad” mərhələsi İŞİD üzrə çalışan mütəxəssislər üçün də sürpriz deyildi: “İŞİD sanki bu hədəfini gizlətmədi. Təşkilatın lideri Əbubəkr Əl-Bağdadinin Mosulda 5 iyul 2014-cü ildə elan etdiyi “Xilafət”in sərhədləri dünyanın az qala yarısını əhatə edirdi. Təşkilatın bu günlərdə törətdiyi terror aktları də məhz “Xilafət”in sərhədləri daxilində göstərilən ölkələrdə həyata keçirilir. Təşkilatın Türkiyəni də qara xəritəyə daxil etdiyi artıq sirr deyil. Hədəflərində Afrikadan Asiyaya, Yəməndən Qafqaza qədər uzanan coğrafiyada nəhəng bir imperatorluğun qurulması var. Sərhədləri aşan “Xilafət” İŞİD-i ilham aldığı “Əl-Qaidə”dən ayıran əsas faktordur. “Əl-Qaidə” sərhədləri aşan terror aktları törətsə də 27 illik keçmişində bir dövlət qura, eyni vaxtda üç fərqli ölkədə terror aktları təşkil edə bilmədi. “Əl-Qaidə”dən fərqli olaraq “dövlət”ləşdi, ələ keçirdiyi şəhərlərdə şəriət məhkəmələri qurdu. Təşkilat öz daxilində “dövlət”ləşdiyi bu dövrü (2011-2014) birinci mərhələ, yəni, “nəzarət və idarə et” olaraq kodlaşdırır.
İkinci mərhələ; “Sızma hərəkatı”
Təşkilat birinci mərhələdə İraq və Suriyada neft satışından əldə etdiyi zənginlik, silah gücü və səs gətirən vəhşi hərəkətləri ilə diqqət çəkdi. “Əl-Qaidə”nin “vur-qaç” taktikasından fərqli olaraq işğal sahələri üzərində nəzarət qurdu, ABŞ-ın müttəfiqləri olan İsrail, İordaniya və Livan üçün təhdid yaratdı, “Əl-Qaidə”çilərin arzuladığı “İslam dövləti”ni qurmaqla qlobal radikallara motivasiya verdi. Minlərlə radikal Suriyaya gəlib İŞİD-ə qatıldı. Dünyanın dörd bir tərəfindən döyüşçü axını İŞİD-ə 20 mindən çox təcrübəli üzv qazandırdı. Vaşinqtona təqdim edilən kəşfiyyat hesabatlarına görə, İŞİD-in hazırda 60 min döyüşçüsü var.
İkinci mərhələ isə “Sızma hərəkatı” adlandırılır. İŞİD 2014-2015-ci illəri əhatə edən bu mərhələdə Suriya və İraqda həyata keçirdiyi “radikal axınları cəlb etmə” strategiyasını digər ölkələrdə həyata keçirməyə başladı, Suriyaya gələn xarici döyüşçüləri yenidən kodlaşdıraraq vətənlərinə geri göndərdi. Bu yolla üçüncü ölkələrdəki radikal qrupları İŞİD-ə dəvət etdi. Hazırda 18 ölkədən 40-ə qədər radikal qrup İŞİD-ə dəstək verməyi və əməkdaşlıq etməyi qəbul edib. Livan, Səudiyyə Ərəbistanı və Əlcəzairdəki terror aktları təşkilatın bu ölkələrdəki qanadları tərəfindən törədilib. Yəmən, Səudiyyə Ərəbistanı və İraqda şiələrin müqəddəs məkanların vurulmasının arxasında da İŞİD-ın qanadları dayanır.
Üçüncü mərhələ: “Qlobal cihad”
İŞİD 2015-ci ildə başladığı üçüncü və son mərhələni “Qlobal cihad” adlandırır. Təşkilat bu mərhələdə üzvlərindən uyğun zamanda olduqları ölkələrdəki “düşmən” hədəflərinə qarşı hücuma keçməsini istəyir. Əfqanıstanda “Xorasan vilayəti”, Misirdə “Sina vilayəti”, Nigeriya, Kamerun, Niger və Çadda “Boko Haram” təşkilatının fəallaşması təşkilatın üçüncü mərhələyə keçməsinə işarədir. İŞİD BMT-nin bir çox üzvündən daha böyük və güclü orduya sahibdir.
İŞİD niyə sürətlə gücləndi?
Qərbin Yaxın Şərq üzrə mütəxəssisi Patrik Cokburn İŞİD-in gözlənilməz şəkildə sürətlə böyüməsini və 3 il kimi qısa bir müddətdə qlobal təhdidə çevrilməsini islam coğrafiyasındakı dövlətlərin acizliyi ilə Qərbin İŞİD-in qarşısında utancaq davranışı ilə izah edir.