Dünya (1-08-2015, 12:45)
Terrorçular 70 girovu azadlığa buraxdı
Yolun bir tərəfində xəndək qazan terrorçular digər tərəfdə bomba partladaraq yolu bağlamışdılar
Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq 70 nəfəri girov götürən PKK terrorçuları girovları azadlığa buraxıb. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə aid avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Türkiyədə terrorçular 70 nəfəri girov götürdü
Türkiyədə PKK terrorçuları növbəti terror aktı törədiblər. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Qars-Ərzurum-İqdır magistral yolunu bağlayan terrorçular çox sayda sərnişini girov götürüblər.
Bildirilir ki, yolun bir tərəfində xəndək qazan terrorçular digər tərəfdə bomba partladaraq yolda avtomobillərin hərəkətini iki tərəfli olaraq tamamilə məhdudlaşdırıblar. Bundan sonra PKK terrorçuları iki arada qalan Kağızman bələdiyyəsinə aid sərnişin avtobusu ilə digər avtomobillərdə olan təxminən 70-ə yaxın mülki insanı girov götürüblər.
Artıq polis və jandarm qüvvələri girovların xilas olunması istiqamətində əməliyyatlara başlayıb. Hazırda bölgədə xilasetmə əməliyyatları davam edir.
Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.
Bundan sonra Türkiyə hökuməti PKK silahlılarına son xəbərdarlıq etmişdi.
Xəbərdarlıqdan sonra Türkiyə Hərbi Hava Donanması iyulun 25-də PKK silahlılarına havadan zərbələr endirmişdi.
Həmin gün səhərə yaxın Türkiyə Silahlı Qüvvələri quru hərəkatı edərək qaubisa topları ilə PKK hədəflərinə zərbələr endirmişdi.
İki gün əvvəl isə Şırnak vilayətində 3 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsi baş verib.
Bu səhər isə Adana vilayətinin Pozantı rayonunda PKK terrorçuları polis bölməsinə hücum etmiş, baş vermiş insident zamanı 2 polis şəhid olmuş, 2 terrorçu isə məhv edilmişdi.
Mediatv.az